Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Hüseyn Vəliyev/
2014-cü ilin yanvar-iyun aylarının nəticələrinə görə, Azərbaycanın mobil qurğular bazarında Finlandiyanın "Nokia" şirkətinin payı 27,22 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə "Global Stats" Statistika Mərkəzinin yaydığı hesabatda deyilir.
2014-cü il iyunun 1-nə olan vəziyyətə görə, bu şirkətin telefonlarının Azərbaycan bazarında payı 20,38 faizdir. Şirkət Azərbaycanın mobil telefonlar bazarında ikinci yeri tutur. 2014-cü ilin yanvar-aprel aylarında "Nokia"nın payı 24,29 faiz azalıb. 2013-cü ilin analoji dövrü ilə müqayisədə azalma 46 faiz təşkil edib.
"Global Stats"ın məlumatına görə, 2014-cü ilin birinci yarısında Azərbaycanın mobil qurğular bazarında Koreyanın "Samsung" şirkətinin payı 11,5 faiz artıb. "Samsung" Azərbaycanda mobil qurğuların populyarlığına görə birinci yeri tutur və onun ölkə bazarında payının artımı 12,87 faiz olub. 2013-cü ilin eyni dövrü ilə müqayisədə şirkətin payının artımı 41,85 faiz təşkil edib.
Hesabat dövründə Azərbaycan bazarında "Apple" şirkətinin mobil qurğularının payı artıb (9,7 faiz). "Apple" 15,13 faizlə Azərbaycanın mobil telefonlar bazarında üçüncü yeri tutur. İlin əvvəlinə olan göstərici ilə müqayisədə "Apple"in payının artımı 21,72 faiz olub.
Naməlum istehsalçıların mobil qurğuları (əsasən Çin məhsulları) 6,18 faiz payla dördüncü yerdədir. Daha sonra mobil qurğular bazarında "Sony" - 5,6 faiz, "Huawei" - 3,45 faiz, HTC - 2,75 faiz, "Blackberry" - 1,83 faiz, LG - 1 faiz və Google 0,22 faiz paya sahibdir.