...

Qırğızıstan dövlət maliyyə idarəetmə proseslərinin avtomatlaşdırılmasında Azərbaycanın təcrübəsini öyrənir

Telekommunikasiya Materials 23 Avqust 2014 08:31 (UTC +04:00)
Azərbaycanın Maliyyə Nazirliyi və yerli İT şirkəti olan SINAM ölkənin dövlət büdcəsinin idarə edilməsi üzrə kompleks həlli sahəsində mövcud təcrübəsini Qırğızıstanın Maliyyə Nazirliyi ilə bölüşüb.
Qırğızıstan dövlət maliyyə idarəetmə proseslərinin avtomatlaşdırılmasında Azərbaycanın təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Maliyyə Nazirliyi və yerli İT şirkəti olan SINAM ölkənin dövlət büdcəsinin idarə edilməsi üzrə kompleks həlli sahəsində mövcud təcrübəsini Qırğızıstanın Maliyyə Nazirliyi ilə bölüşüb.

Trend SİNAM şirkətinə istinadən məlumat verir ki, Qırğızıstanda təşkil olunmuş rəsmi görüşdə Azərbaycan nümayəndə heyəti Azərbaycanın "Xəzinədarlığın idarə edilməsinin informasiya sistemi"ni (TIMS) və "Büdcədən təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sistemini (FARABI) təqdim edib.

Görüş zamanı Azərbaycan Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev iştirakçılara "Xəzinədarlığın idarə edilməsinin informasiya sistemi", həmçinin yeni texnologiyaların gündəlik fəaliyyətdə istifadəsinin üstünlükləri haqqında ətraflı danışıb. Görüş iştirakçılarına, həmçinin Azərbaycan büdcəsinin strukturu, tətbiq edilən beynəlxalq standartlar və büdcədən maliyyələşən təşkilatlarda vahid mühasibatlıq uçotu sisteminin tətbiqi sahəsində istifadə olunan innovasiyalar, xəzinədarlıq və mühasibat hesablarının inteqrasiyası sahəsində müvəffəqiyyətlə aparılmış işlər haqqında məlumat təqdim olunub.

"Xəzinədarlığın idarə edilməsinin informasiya sistemi" Azərbaycan ərazisində maliyyələşdirmədən başlayaraq real zaman rejimində hesabatların alınmasınadək, yəni həyata keçirilən bütün xəzinədarlıq əməliyyatlarının, həmçinin IPSAS əsasında işlənib hazırlanmış milli standartlara uyğun mühasibatlıq uçotu əməliyyatlarının aparılması təmin edir.

Təqdimat zamanı SINAM şirkətinin prezidenti Elçin Əliyev dövlət büdcəsinin idarə edilməsi üzrə kompleks həlli və FARABI sistemi haqqında ətraflı məlumat verib. Təqdimat zamanı hazırda Azərbaycanda tətbiq olunan FARABI sistemin üstünlükləri təqdim edilib.

Büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, bulud texnologiyaları əsasında aparılmasını təmin edən FARABI sistemi Azərbaycanın maliyyə sistemində SINAM şirkəti tərəfindən tətbiq olunur. Layihə çərçivəsində bütün sənədləşmə Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında aparılır.

Görüş zamanı Qırğızıstan Maliyyə Nazirliyinin nümayəndələri Azərbaycan və Qırğızıstanın həm büdcə sistemlərinin, həm də həmin sistemlərin təkmilləşdirilməsi məqsədilə atılan addımların olduqca oxşar olduqlarını qeyd ediblər. Bu, Azərbaycan informasiya sistemlərinin tətbiqi sahəsindəki təcrübəsini Qırğızıstanın maliyyə sistemində də istifadə edilməsi üçün perspektivlər açır.

Səfər zamanı Azərbaycan Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini V.Abdullayev Qırğızıstanın maliyyə naziri vəzifəsini icra edən Almaz Baketayevlə də görüş keçirib. Görüş zamanı A.Baketayev ölkənin maliyyə sistemində həyata keçiriləcək islahatlar haqqında qısa məlumat verib. Azərbaycan nümayəndəsi isə qeyd edib ki, Azərbaycan tərəfi Qırğızıstanın Maliyyə Nazirliyi və Xəzinədarlığı ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır. Tərəflər gələcək əməkdaşlığa hazır olduqlarını vurğulayıblar.

Xatırladaq ki, artıq bir neçə ildir ki, Qırğızıstanın dövlət qurumları ölkənin elektron hökumət sahəsində müxtəlif miqyaslı informasiya sistemlərini tətbiq edən Azərbaycanın SİNAM şirkəti ilə müvəffəqiyyətlə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti