...

Akif Əlizadə: Elmi nailiyyətlər dinc məqsədlər üçün istifadə olunmalıdır (FOTO)

Telekommunikasiya Materials 3 Oktyabr 2014 12:45 (UTC +04:00)
Bütün elmi nailiyyətlər dinc məqsədlər üçün istifadə olunmalı və ölkələr arasında sivil münasibətlərin formalaşdırılmasına yönəlməlidir.
Akif Əlizadə: Elmi nailiyyətlər dinc məqsədlər üçün istifadə olunmalıdır (FOTO)

Azərbaycan, Bakı 3 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Bütün elmi nailiyyətlər dinc məqsədlər üçün istifadə olunmalı və ölkələr arasında sivil münasibətlərin formalaşdırılmasına yönəlməlidir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, XXI əsrdə yaşamağımıza baxmayaraq, dünyada münaqişə və müharibələr baş verir, insanlar öz torpaqlarından qovulurlar, həlak olurlar, bəşəriyyət quş qripu, Ebola virusu və digər bu kimi xəstəliklərlə mübarizəni davam etdirir.

Akademik qeyd edib ki, yeni elmi nailiyyətlərdən həm bəşəriyyətin xeyrinə, həm də ziyanına istifadə olunur. Yeni silah növlərinin, kütləvi qırğın silahlarının yaradılması zamanı hələ də elmi nailiyyətlərdən istifadə olunur.

A.Əlizadə nüvə texnologiyalarının inkişafı məsələsinə də toxunub. Onun sözlərinə görə, nüvə texnologiyalarının inkişafının həm müsbət, həm də mənfi tərəfləri var.

O bildirib ki, nüvə texnologiyalarından səhiyyədə onkoloji xəstəliklərin müalicəsi, onların diaqnostikası zamanı, radioizotop texnologiyalar isə digər sahələrdə geniş şəkildə tətbiq edilir.

AMEA rəhbəri nüvə texnologiyalarından istifadənin mənfi tərəfi kimi Çernobıl AES və Fukusima AES-dəki qəzaları misal göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti