Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
"Microsoft Azerbaijan" və "GT Solutions" şirkətlərinin birgə təşkilatçılığı ilə Bakıda maliyyə təşkilatlarında çalışan informasiya texnologiyaları və təhlükəsizliyi üzrə mütəxəssislər üçün nəzərdə tutulmuş "Bulud texnologiyalarına əsaslanan Məlumat Hesablama Mərkəzi, rəqabət qabiliyyətli iş mühiti və mobil qurğuların təhlükəsiz idarə edilməsi" mövzusunda seminar keçirilib.
Müxtəlif kommersiya bankları, sığorta şirkətləri, bank olmayan kredit təşkilatları və maliyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarını təmsil edən 40 nəfər mütəxəssisin iştirakı ilə baş tutmuş seminar "Microsoft" Korporasiyasının Mərkəzi və Şərqi Avropa ofisindən xüsusi dəvət olunmuş bulud texnologiyalarına əsaslanan Məlumat Hesablama Mərkəzi üzrə ekspert Tarmo Tikerpaye (Tarmo Tikerpäe), "Office 365" və "CRM Online" üzrə ekspert Robertas Tamosaitis (Robertas Tamosaitis), yeni nəsil informasiya təhlükəsizliyi həlli olan "Enterprise Mobility Suite" və "Advanced Threat Analytics" üzrə ekspert Tomas Kibirkstis (Tomas Kibirkstis) və "Microsoft Azerbaijan"ın əsas tərəfdaşlarından olan "GT Solutions" şirkətinin nümayəndələri müvafiq mövzularda təqdimatlarını əhatə edib.
Seminarın açılışını edən "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov tədbir iştirakçılarını salamlayaraq dəvət olunmuş ekspertlərin təcrübələrindən faydalanmağı tövsiyə etmişdir. Daha sonra "Microsoft" Korporasiyasının Mərkəzi və Şərqi Avropa ofisinin Azərbaycan da daxil olmaqla 24 ölkəni əhatə edən Korporativ müştərilər və Tərəfdaşlar üçün "Microsoft" həlləri üzrə ekspertlər komandasının rəhbəri Vinsent Ceyms (Vincent James) cari iqtisadi durumda dünyada hər bir şirkətin maliyyə məsrəflərini azaltmağa, rəqabətdə üstün olmağa çalışdığın və buna nail olmaq üçün müasir bulud həllərinə üstünlük verdiyini bildirib.
Tədbir iştirakçılarına yeni nəsil məlumat hesablama mərkəzi ("Datacenter") və "ağıllı" bulud həlləri barədə danışan Tarmo Tikerpaye "Microsoft"un bulud həllərinin dünyada 700-ə yaxın maliyyə institutunda uğurla tətbiq olunduğun və ümumilikdə istifadəçilərin sayının 3 milyon nəfərə çatdığın qeyd edib: "Müştərilər "Microsoft"un bulud həllərini seçərkən həllərin səmərəliliyi, çevikliyi, dərhal istifadəyə hazır olması, sabitliyi, fasiləsizliyi, miqyaslana bilməsi, məsrəfləri azaltması və uyğunluq sertifikatları ilə təsdiqlənmiş informasiya təhlükəsizliyi kimi meyarlara əsaslanır".
Ekspert müstəqil auditorlar tərəfindən yoxlanaraq PCI DSS Level 1, ISO/IEC 27018:2014, ISO/IEC 27001/27002:2013, FISC, UK G-Cloud və s. sertifikatlarla informasiya təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənmiş "Microsoft Azure" bulud həllinin müxtəlif maliyyə institutları tərəfindən ehtiyat məlumat mərkəzi, sınaq mühiti, ehtiyat nüsxələrin uzun müddətli saxlancı və s. kimi istifadə edildiyin iştirakçıların diqqətinə çatdırıb, müvafiq müştərilərdən nümunələr göstərib.
Rəqabət qabiliyyətli iş mühiti və təkmilləşdirilmiş işgüzar proseslər haqqında təqdimat nümayiş etdirən ekspert Robertas Tamosaitis Avropada bank sektorunda ciddi rəqabət olduğunu, maliyyə institutlarının müştəri təəssüratını yaxşılaşdırmaq, daha çevik, müştəriyönümlü olmağa çalışdıqlarını bildirib. Məhz bu səbəbdən "Microsoft" Korporasiyasının "Office 365" həlli bank və maliyyə sahəsində uğur qazanmış, "Skype for Business" müəssisələrin internet portalları ilə inteqrasiya edilərək şirkətləri müştərilərinə daha yaxın, online ünsiyyəti video görüntü ilə canlı etmiş, "SharePoint Online" vasitəsilə iş axını avtomatlaşdırılaraq icra müddəti və gözləmə minimuma enmişdir. "Office 2016" tətbiqlər paketindəki yeniliklər haqqında məlumat verən ekspert eyni fayl üzərində birgə işləmək, dərhal ünsiyyət saxlamaq və s. kimi 70-ə yaxın yeni imkanların olduğunu vurğulayıb.
Müasir İnformasiya Təhlükəsizliyi riskləri, əməkdaşların mobil qurğuların idarə edilməsi haqqında çıxış edən ekspert Tomas Kibirkstis özündə verilənləri şifrləməyə, istifadəçilərin giriş-çıxış hüquqlarını tənzimləməyə, qurğuları və tətbiqləri idarə etməyə imkan verən vahid "Microsoft Enterprise Mobility Suite" həlli barəsində məlumat verib. Bu həllin tərkib hissəsi kimi süni intellektə əsaslanaraq informasiya təhlükəsizliyi haqqında məlumat almağa kömək edən yeni nəsil informasiya təhlükəsizliyi vasitəsi "Advanced Threat Analytics 2016" tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, "Microsoft"un bulud həllərindən ("Office 365", "Azure", "InTune", "Enterprise Mobility Suite" və s.) hazırda Azərbaycanda fəaliyyət göstərən 275-dən çox müəssisə səmərəli, fasiləsiz və təhlükəsiz şəkildə istifadə edir.
"Microsoft" haqqında:
1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.