Bakı. Trend:
Azərbaycanda və regionda innovasiya ekosisteminə dəstək "PASHA Holding"in əsas prioritetlərindən biridir.
Trend xəbər verir ki, bunu "PASHA Holding"in baş direktoru Cəlal Qasımov Bakıda keçirilən "InMerge" sammitində çıxışında deyib.
"Ölkəmizdə və regionda innovasiya ekosisteminə dəstək əsas prioritetlərimizdən biridir. Fikrimcə, hazırkı sammit bu məqsədin əldə olunmasına böyük töhfə verəcək", - C.Qasımov deyib.
Onun sözlərinə görə, "PASHA Holding" bu məqsədlə dövlət müəssisələri və ictimai təşkilatlarla birgə yerli startaplar üçün karyera inkişafı proqramları elan edib, texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün təqaüd ayırıb, həmçinin, onların dünyadakı mühüm innnovasiya tədbirlərində iştirakını təmin edib.
"Qeyd etmək yerinə düşər ki, ölkədə ilk vençur fondu və kibertəhlükəsizlik məktəbi də "PASHA Holding"in dəstəyi ilə işə salınıb", - deyə o əlavə edib.
C.Qasımov qeyd edib ki, bu gün "PASHA Holding" tərəfindən təşkil olunan illik "InMerge" İnnovasiya Sammitinin ilk günü keçirilir.
"Sammitin məqsədi Bakıda texnologiya sahəsində aparıcı xadimləri və şirkətləri, eləcə də, innovasiya yönümlü startapları bir araya gətirmək, onlar üçün peşəkar müzakirə, təcrübə mübadiləsi imkanı yaratmaq və bununla ölkədə innovasiya ekosisteminin formalaşmasını dəstəkləməkdən ibarətdir", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)