NGN (Next Generation Network) texnologiyasının quraşdırılması üzrə işlər başa çatıb. Bakı Telefon Rabitasi İstehsalat Birliyindən (BTRIB) Trend ə verilən məlumata görə, sentyabrın 30-da ATS-64 bazasında NGN qoşulma təmin olunacaq ki, bunun nəticəsində stansiyanın abonenğləri bu texnologiyanın xidmətindən istifadə edə biləcəklər. Bu texnologiyanın tətbiqi göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərəcək.
Layihənin icraçısı Çinin Huawey şirkətidir.
İB-dən bildiriblər ki, hazırda NGN texnologiyası ilə xidmətin dəqiq tariflərinin müəyyənləşdirilməsi üzrə iş aparılır. "Ölkədə yeni texnologiya olduğuna görə bu müəyyən vaxt tələb edir".
Müəssisədən onu da bildiriblər ki, texnologiyasının bütün xidmətlərinin istismara verilməsi mümkün olmaya da bilər və bu işlərin həyata keçirilməsi üçün 10-15 gün vaxt tələb olunur.
NGN (gələcək nəslin şəbəkəsi) universal çoxməqsədli şəbəkə olub nitqlərin, təsvirlərin və kommutasiya paketlərinin istifadə olunduğu məlumatlar üçün nəzərdə tutulub. NGN şəbəkəsi telekommunikasiya trafikinin müxtəlif növləri üçün zəruri olan xidmətin keyfiyyətini təmin edir.
Bu texnologiyanın Bakıda tətbiqindən sonra abonentlər IoIP-telefoniya, səs poçtu, məlumatların ötürülməsi, multimediya xidməti, virtual özəl şəbəkələr, vahid şəklə salınmış informasiyaların mübadiləsi, məlumatların ani mübadiləsi, interaktiv nitq cavablarının xidmət sistemi, interaktiv oyunlar, videokonfranslar və ev meneceri və s. xidmətlərdən istifadə edə biləcəklər.