...

Parisin Apellyasiya məhkəməsi "FİMbank"la bağlı işdə Azərbaycanın xeyrinə qərar çıxarıb

Telekommunikasiya Materials 11 Aprel 2007 13:21 (UTC +04:00)
Parisin Apellyasiya məhkəməsi "FİMbank"la bağlı işdə Azərbaycanın xeyrinə qərar çıxarıb

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Parisin Apellyasiya məhkəməsi yuxarı instansiya məhkəməsinin (Tribunal Le Grande Instance de Paris) yekun qərarının təmin edilməsinə dair qərar çıxarıb. Qeyd edək ki, sözügedən yekun qərar Maltanın "FİMbank"ı ilə Azərbaycan arasındakı məhkəmə işində ölkəmizin xeyrinə verilib. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, yuxarı instansiya məhkəməsinin qərarı ötən ilin noyabrında qəbul edilib. Bu qərara əsasən "FİMbank" Azərbaycan tərəfinə mənəvi ziyan vurduğu üçün 5 min avro və məhkəmə-prosedur proseslərinin xərclərinə görə 900 avro ödəməlidir.

Məhkəmənin müvafiq qərarı bu vaxtadək icra olunmayıb. Buna səbəb "FİMbank"ın Parisin Apellyasiya məhkəməsinə üz tutması olub. Lakin Azərbaycan tərəfi bəyan edib ki, yüksək instansiya məhkəməsinin qərarı icra olunmadan Apellyasiya məhkəməsi "FİMbank"ın müraciətinə baxa bilməz və nəticədə bu, ölkəmiz üçün müsbət nəticə verib.

May ayında Parisin Apellyasiya məhkəməsi "FİMbank"ın müraciətinə detallı şəkildə baxacaq. Məqsəd yuxarı instansiya məhkəməsinin Azərbaycanın xeyrinə çıxartdığı qərarın əsasını müəyyənləşdirməkdir. Məlumat üçün bildirək ki, Maltanın "FİMbank"ı ilə Azərbaycan hökuməti arasındakı məhkəmə çəkişməsi 2004-cü ilin iyulundan başlayıb. "FİMbank"ın iddiasına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid "Poçtbank" mövcud olmayan müəssisələrə (Aztell və Baktell) müvafiq olaraq 3035000 $ və 1560000 $ həcmində kreditlər verib. Maltalılar bu kreditlər ödənilmədiyi üçün məhkəmədə iddia qaldırıblar.

Xəbər lenti

Xəbər lenti