...

Arzu Nağıyev: Dağlıq Qarabağ münaqişəsində status-kvonun davam etməsi inandırıcı görünmür (VİDEO)

Nəzər nöqtəsi Materials 21 Aprel 2016 10:11 (UTC +04:00)
Aprelin əvvəlində cəbhə xəttində baş verən hadisələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edirdi.
Arzu Nağıyev: Dağlıq Qarabağ münaqişəsində status-kvonun davam etməsi inandırıcı görünmür (VİDEO)

Bakı. Trend:

"Aprelin əvvəlində cəbhə xəttində baş verən hadisələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edirdi. Prezident İlham Əliyev sammitdə iştirakı çərçivəsində ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə görüşlər keçirdi və bu görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müvafiq addımların atılması haqqında bir sıra mühüm bəyanatlar verildi".

Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev "Baku Network" ekspert qrupunun cəbhə xəttində baş verən hadisələrdən sonra yaranmış yeni diplomatik və siyasi vəziyyətə dair müzakirələrində deyib.

A.Nağıyev bildirib ki, bu bəyanatlardan sonra Ermənistan tərəfi status-kvonu saxlamaq məqsədilə bir daha Azərbaycanın yaşayış məntəqələrini iriçaplı pulemyotlardan, artilleriya qurğularından atəşə tutdu və bundan sonra Azərbaycan Ordusundan layiqli cavab aldı:

"Bildiyiniz kimi, mühüm yüksəkliklər düşməndən azad edildi və Azərbaycan Ordusu erməni ordusu haqqında yaradılmış mifi sındırdı. Bundan sonra Rusiya, BMT, ATƏT-in Minsk qrupu, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən bəyanatlar səsləndirildi və hamısı atəşkəsə əməl olunması barədə müraciət etdi".

Politoloq qeyd edib ki, bundan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun davam etməsi inandırıcı görünmür.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Kazan prinsipləri haqqında bəyanatına gəlincə isə A.Nağıyev bildirib ki, E.Nalbandyanın belə bir bəyanatla çıxış etməsi heç də təəccüb doğurmamalıdır.

A.Nağıyev hesab edir ki, münaqişənin həlli üçün Madrid prinsipləri də uyğun idi: "Lakin indiyə qədər bu prinsip yerinə yetirilməyib. Məhz Azərbaycan Ordusunun son uğurlu əməliyyatlarından sonra artıq təcavüzkarı danışıqlar masasına əyləşdirmək mümkün olub. Kazan sənədi isə Rusiya ilə birbaşa bağlı olduğu üçün bu prinsipi ortaya qoyurlar və hətta Kremlə yaxın siyasətçilər də bunu deyirlər. Yəni yenə də regionda kimin daha böyük nüfuzu olması və münaqişənin həllində kimin daha vacib rolu olacağı əsas məsələ kimi gündəmə gəlib. Bu barədə dəfələrlə danışılıb və düşünürəm ki, artıq danışıqlar bu istiqamətə yönəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti