Bakı. İlhamə İsabalayeva - Trend:
Rusiya ilə Azərbaycan arasında, eləcə də hər iki ölkənin prezidentləri arasında münasibətlərin çox yüksək dostluq səviyyəsində olmasına baxmayaraq, bu iki ölkə arasındakı münasibətlərə xələl gətirən addımlar atmaq cəhdləri əvvəllər də olub.
Bunu Trend-ə “Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İctimai Birliyinin sədri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında bu gün həm iqtisadi, həm də diplomatik münasibətlər çox yüksək səviyyədədir: “Çox əfsuslar olsun ki, bu gün Ümumrusiya Azərbaycanlıları Konqresinin timsalında Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə xələl gətirən addım atmaq istəyirlər. Bu, müəyyən ermənipərəst, təxribatçı dairələrin məqsədidir. Onlar çalışırlar ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlasınlar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər çox yüksək səviyyədədir. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər ən yaxın qonşu kimi bundan sonra da ən yüksək səviyyədə davam edəcək”.
R.Qonaqov əlavə edib ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlamaq istəyən ermənipərəst qüvvələr öz məqsədlərinə çatmayacaqlar.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qonşu dövlətlərlə yürütdüyü uğurlu xarici siyasət, eyni zamanda, Rusiyanın Azərbaycana olan münasibəti iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə imkan verməyəcək.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.