...

Vüqar Rəhimzadə: “Dindar” simasında dolaşan “agentlər” antimilli təbliğat aparmaqla heç nəyə nail olmayacaqlar

Nəzər nöqtəsi Materials 30 İyul 2018 16:37 (UTC +04:00)

Bakı. Trend:

“Bu gün Azərbaycanda din-dövlət münasibətləri kifayət qədər normal səviyyədədir. Ana qanunumuz olan Konstitusiyaya görə də hər kəsin vicdan azadlığı var. Ölkə rəhbərliyi vətəndaşların bütün, o cümlədən bu hüququnun ən yüksək səviyyədə təmin edilməsi üçün hər cür şərait yaradır. Son illərdə istər paytaxtda, istərsə də bölgələrdə məscidlər əsaslı şəkildə təmir edilib, yeni məscidlər tikilib insanların istifadəsinə verilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, hüquqi, dünyəvi, demokratik dövlət olan Azərbaycanda dini zəmində heç bir qarşıdurma yoxdur və dinin, din xadimlərinin hansısa formada sıxışdırılmasından söhbət belə gedə bilməz. Təəssüf ki, son günlər bəzi “maraqlı dairələr” sosial şəbəkələrdə din pərdəsi altında antiazərbaycan təbliğatı aparmağa cəhd edir, müxtəlif çağırışlar, videomüraciətlər yayımlayırlar. Guya ölkəmizdə insan hüquqları pozulur, din xadimləri sıxışdırılır. Təbii ki, bütün bunlar absurddur və heç bir fakta əsaslanmır, məntiqə sığmır. Bu cür dezinformasiyaları yaymaqda məqsəd ölkəmizdəki daxili sabitliyi pozmağa cəhd etmək, insanların dini inanclarını istismar etməklə öz çirkin niyyətlərini həyata keçirməkdir. Ancaq ölkə ictimaiyyəti, ziyalılar hər zaman olduğu kimi, yenə də bu cür antimilli qüvvələrə layiqli cavab verirlər.”

Bu fikirləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu gün ölkəmizdəki tolerant, multikultural mühit, bütün sahələrdə əldə olunan uğurlar dostları sevindirdiyi kimi, düşmənləri də ciddi şəkildə narahat edir: “Artıq bütün dünya Azərbaycanı multikultural məkan, tolerant ölkə kimi tanıyır, qəbul edir və bunu yüksək keyfiyyət kimi qiymətləndirir. Müxtəlif millətlərin, dinlərin nümayəndələri ölkəmizdə azad, təhlükəsiz, sülh şəraitində yaşayırlar. Bu insanlar heç bir ayrıseçkiliyə məruz qalmadan dövlətin onlar üçün yaratdığı bütün imkanlardan maksimum səviyyədə yararlana bilirlər. Görünür, bu mühit bəzi “qüvvələri” qıcıqlandırır, onları narahat edir. Sosial şəbəkələrdə “dindar” simasında dolaşan “agentlər” antimilli təbliğat aparmaqla heç nəyə nail olmayacaqlar. Xalq bu ünsürləri yaxşı tanıyır. Ölkəmizdə möhkəm təməllər üzərində qurulan ictimai-siyasi sabitliyi, xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti