...

Netanyahu yəhudi məskənlərinin tikintisi üzrə moratoriumu uzatmağa razıdır – qəzet

Dünya xəbərləri Materials 4 Oktyabr 2010 17:13 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının Qqrb sahilində yəhudi məskənlərinin tikintisi üzrə moratoriumun müddətini iki ay uzatmağa hazırdır.
Netanyahu yəhudi məskənlərinin tikintisi üzrə moratoriumu uzatmağa razıdır – qəzet

İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının Qqrb sahilində yəhudi məskənlərinin tikintisi üzrə moratoriumun müddətini iki ay uzatmağa hazırdır. Bu barədə Londonda nəşr olunan "əş-Şərq əl-Övsət" ərəb qəzeti İsrail nümayəndəsinə istinadən məlumat verib.

Fələstin administrasiyası israillilərin işğal olunmuş ərazilərdə yaşayış məskənlərinin tikintisini davam etdirəcəkləri halda, sülh danışıqlarını davam etdirməkdən imtina edib. Qəzet yazır ki, ABŞ Prezidenti Barak Obama Netanyahuya məskənlərin tikintisinin dondurulacağı müqabilində fələstinliləri danışıqları davam etdirməyə vadar edə biləcək sövdələşmə paketi təklif edib.

Qəzetin sitat gətirdiyi İsraildəki rəsmi mənbənin məlumatına görə, Netanyahu ABŞ-ın İsrail ordusunun İordan vadisində mövcudluğu və yəhudi dövlətinə siyasi və iqtisadi dəstəyin göstərilməsi müqabilində iki aylıq moratoriuma razılıq verib. Mənbə qəzetə bildirib ki, belə zəmanətlərlə Netanyahu hökumət daxilindəki müxalifətçi sağ partiyalara müqavimət göstərə bilər.

Bazar ertəsi İsrailin "Haaretz" qəzeti xəbər verir ki, məskənlərin tikintisinə moratoriumun uzadılması məsələsində həlledici səs yaşayış binalarının tikintisinin dondurulmasının qəti əleyhdarı olan xarici işlər naziri Aviqdor Libermanın tərəfində qalır.

1967-ci ildə İsrailin işğal etdiyi İordan çayının qərb sahilində 300 mindən artıq yəhudinin yaşadığı yüzdən artıq yəhudi məskəni var. Beynəlxalq birliyin fikrincə, işğal olunmuş ərazilərə aid edilən Şərqi Qüdsdə daha 200 mindən artıq yəhudi yaşayır ki, onların statusu da Fələstin-İsrail danışıqları zamanı müəyyən edilməli idi.

Xəbər lenti

Xəbər lenti