Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir E.Tariverdiyeva/
Seçkisonrası Ermənistanda əsas siyasi tendensiyalar saxlanılacaq. Bunu Trend-ə "Şimal-Cənub" Siyasi Mərkəzinin icraçı direktoru, Moskva Dövlət Universiteti nəzdində Postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə Mərkəzin direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov deyib.
"Mən seçkisonrası dövrdə Ermənistanın daxili və xarici siyasətində hər hansı dəyişiklik gözləmirəm. Əminliklə demək olar ki, əsas tendensiyalar saxlanılacaq", - Vlasov qeyd edib.
Vlasovun fikrincə, əsas intriqa Yerevanın Avropaya inteqrasiya istiqamətində irəliləyişinin nə qədər əhəmiyyətli və daha aydın ifadə edilən çoxşaxəliliyə cəhdinin nə dərəcədə dəqiq olacağından ibarətdir.
"Necə deyərlər, burada variantlar mümkündür. Fikrimcə, Ermənistanın təhlükəsizlik sahəsində gələcəkdə Moskva ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməkdən başqa digər variantı yoxdur", - Vlasov qeyd edib.
Ekspert hesab edir ki, sosial-iqtisadi əməkdaşlıq prioritetləri baxımından isə Brüssel ilə əlaqələrin möhkəmləndirilməsinə istək getdikcə daha aydın görünür.
Onun fikrincə, bu, prioritetlərin tam dəyişməsi demək deyil, lakin Raffi Ovannisyana verilən səslərin faizi Ermənistanda "avrooptimistlər"in sayının artdığını göstərir.
"Hərçənd, bu nikbinliyin ölkədə kifayət qədər mürəkkəb olan iqtisadi vəziyyətə artıq indi necə müsbət təsir edəcəyi bir o qədər də aydın deyil", - Vlasov vurğulayıb.