...

İranda "Buşəhr" AES üçün zəlzələ və ya sunami təhlükəsi varmı?

Dünya xəbərləri Materials 10 Aprel 2013 16:52 (UTC +04:00)
İranın cənubunda, Fars körfəzi sahilində yerləşən Buşəhr əyalətində baş vermiş zəlzələ külli miqdarda xəsarət və itki ilə nəticələnsə də, atom elektrik stansiyasına (AES) ziyan dəymədi.
İranda "Buşəhr" AES üçün zəlzələ və ya sunami təhlükəsi varmı?

Dalğa Xatınoğlu, Trend-in İran xəbərlər xidmətinin rəhbəri

İranın cənubunda, Fars körfəzisahilində yerləşən Buşəhr əyalətində baş vermiş zəlzələ külli miqdarda xəsarət və itki ilə nəticələnsə də, atom elektrik stansiyasına (AES) ziyan dəymədi. Birincisi ona görə ki, "Buşəhr" nüvə stansiyası zəlzələnin episentrindən 90 kilometrlik məsafədə yerləşirdi, episentrdə isə zəlzələ 6,1 bal gücündə olub.

Bu, son iki ayda ikinci dəfədir ki, stansiyanın yerləşdiyi ərazidə 5 bal gücündə zəlzələ hiss olunur, ancaq nüvə stansiyası öz normal fəaliyyətinə davam edir.

"Buşəhr" AES-in icraçı direktoru Mahmud Cəfəri çərşənbə axşamı "Mehr" informasiya agentliyinə bildirib ki, stansiya 8 ballıq zəlzələyə davamlıdır. Stansiyanın tikintisini həyata keçirən "RusAtomStroy" da elan edib ki, stansiyanın obyekti 8 ballıq zəlzələyə dözümludur.

Bundan əvvəl 2011-ci ilin aprel ayında Yaponiyada baş vermiş sunaminin nüvə stansiyalarında yaratdığı faciədən sonra "Buşəhr" stansiyasının eyni təhlükələrlə üzləşməsi ehtimalı müzakirə olunmuşdu. Xüsusilə də Buşəhr əyaləti tamamilə zəlzələyə meyilli zonalardan biridir, həmçinin Fars körfəzi sahilində yerləşir.

Digər problem odur ki, 1970-ci illərdə Almaniya bu stansiyanın tikintisinə başlamış, 1979-cu ilin İslam İnqilabından sonra stansiyanın inşasını dayandırmışdı. İran-İraq müharibəsində stansiya bombardman edildi və nəhayət, Rusiya 1995-ci ildə yenidən stansiyanın tikintisinə başladı, lakin İran şərt qoydu ki, "RusAtomStroy" stansiyanın inşasına sıfırdan başlamasın, yəni Almaniyanın başladığı tikinti işlərini davam etdirsin. Beləliklə, Rusiya "Buşəhr" stansiyasının inşasında öz texnologiyasını alman texnologiyası ilə uyğunlaşdırdı.

Başqa problem budur ki, İran dünyada yeganə ölkədir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) qoşulub, lakin Təhlükəsizlik Konvensiyasını imzalamayıb.

Həmçinin, "Buşəhr" AES-də WWER-1000 növlü reaktor quraşdırılıb, lakin onun soyuducu sisteminin "Axilles dabanı" zəlzələdir. Bundan başqa, İranın Buşəhr əyaləti çox isti zonalar kateqoriyasına daxildir.

Bütün bunlara rəğmən, Rusiya və İran stansiyanın 8 ballıq zəlzələyə davamlı olduğunu iddia edirlər. BAEA isə indiyədək bu məsələ ilə bağlı hər hansı təhlükənin olduğunu elan etməyib. Digər tərəfdən, Buşəhr Yaponiyadan fərqli olaraq okeanın deyil, körfəzin sahilində yerləşir və Fars körfəzində sunaminin yaranma təhlükəsi yoxdur. Stansiyanın divarlarında 2 m 85 sm-lik amortizasiyalar quraşdırılıb ki, bu da zəlzələnin zərbələrinin qarşısını alır. Bütün avadanlıqlar plastik amortizasiyalar üzərində yerləşib.

Həmçinin, stansiyanın binasının üstündə xüsusi betondan hazırlanmış müdafiə günbəzi var. Bu, reaktorda hər hansı problem yaranarsa, şüalanmanın obyektdən çölə çıxmasına mane olur. Reaktorun ətrafındakı divarlar isə xüsusi materialla örtülüb ki, bu da şüanı çölə buraxmır.

Beləliklə, Rusiya müəyyən qədər stansiyanın təhlükəsizliyini sığortalamağa nail ola bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti