Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir T.Cəfərov/
İranda diabet xəstələri üçün uzunmüddətli təsir gücünə malik yeni insulin iynəsi istehsal olunub. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.
Məlumata əsasən, istehsal olunan insulin iynəsinin qanda təsir müddəti artırılıb və bununla da insulinin tez-tez vurulmasından yarana biləcək problemlərin qarşısı alınır.
Yeni istehsal olunmuş insulin iynəsinin layihə rəhbəri Siyamək Biranvənd deyib ki, bir növ yağ turşusunu insulinə əlavə etməklə onun qanda təsir müddətini artırmaq olur: "Diabet xəstəliyinə görə gündə 3-8 saatdan bir insulin iynəsinin vurulması zəruridir. Bizim hazırladığımız insulini diabetdən əziyyət çəkənlər gündə bir dəfə, yatmaq istəyərkən istifadə edə bilər və 21-24 saat ərzində dərman öz təsirini qanda saxlaya bilir".
S.Biravənd bildirib ki, istehsal olunan yeni preparatın digər ölkələrdə oxşarı yoxdur: "Bu dərman heyvanlar üzərində test olunub və onun geniş miqyasda istehsalı və bazara çıxarılması üçün işlər görülür".
Onun sözlərinə görə, yeni insulin dərmanı İranın Razi Kimya Gahar korporativ şirkəti tərəfindən hazırlanıb.