...

İranda metamfetamin ikinci ən çox istifadə olunan narkotik vasitədir

Dünya xəbərləri Materials 7 Yanvar 2015 11:27 (UTC +04:00)
İranda tiryəkdən sonra metamfetamin ikinci ən çox istifadə olunan narkotik vasitədir.
İranda metamfetamin ikinci ən çox istifadə olunan narkotik vasitədir

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İranda tiryəkdən sonra metamfetamin ikinci ən çox istifadə olunan narkotik vasitədir. Bunu İranın Narkotiklərlə Mübarizə Təşkilatının rəsmisi Səid Qasimian deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

S.Qasimian bildirib ki, 2007-ci ilin statistikasına əsasən, ölkədə narkotik istifadəçilərinin 3,6 faizi metamfetamin istifadəçisi olub, lakin bu rəqəm 2011-ci ildə 26,2 faizə qalxıb: "Hazırkı araşdırmaların nəticəsinə görə, artıq ölkədə tiryəkdən sonra (52,2 faiz ) metamfetamin ikinci (26,2 fiaz) ən çox istifadə olunan narkotik maddədir".

Onun sözlərinə görə, ötən il (İranda il martın 21-də dəyişir) İranda narkotik maddələrin istifadəsinə görə, 2950 nəfər həyatını itirib.

S.Qasimian deyib ki, ölkədə QİÇS-ə yoluxanların 69 faizi bu virusa narkotik maddələrin iynə vasitəsilə qəbul edilməsi ilə yoluxublar. O qeyd edib ki, hazırda dünyada tiryək və heroin satışından təqribən 68 milyard dollar gəlir əldə olunur, İranda isə heroin satışından 3 milyard dollardan çox gəlir əldə edilir: "Cari ilin ilk 9 ayı ərzində 66 ton müxtəlif növ narkotik maddə müsadirə olunub. Narkotik istifadəçilərinin əksəriyyəti gənclərdir".

Onun sözlərinə görə, İranda həbsdə saxlanılan şəxslərin 45 faizi narkotiklə bağlı həbs olunublar.

İranın Narkotiklərlə Mübarizə Təşkilatının rəsmi statistikasına görə, ölkədə hazırda bir milyon 350 min nəfər narkotik istifadəçisi var ki, onlardan 9,6 faizi (130 min nəfəri) qadındır. Statistik məlumatlar göstərir ki, narkotik istifadəçilərinin 75 faizi orta təhsilli, 21 faizi isə ali təhsillidir. Narkotik asılılığı olanların böyük əksəriyyəti 15-64 yaş arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti