Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Anaxanım Hidayətova/
İran əldə olunmuş razılıqlara uyğun şəkildə öhdəliklərə sadiq qalarsa və sanksiyalar götürülərsə, onda Böyük Britaniya hökuməti İranda yaranacaq biznes imkanların inkişafını dəstəkləyəcək. Bunu Trend-ə Böyük Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ketrin Houkins deyib.
O bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) İranın nüvə proqramı üzrə fəaliyyətinə icazə verməsə, sanksiyalar qüvvədə qalacaq və sərt qaydada tətbiq ediləcək: "İranın siyasi kursu tarix boyu regionda bəzi narahatlığa səbəb olub ki, bu da bizə aydındır. Böyük Britaniya Körfəz ölkələrini dəstəkləməyə davam edəcək".
K.Houkins qeyd edib ki, Böyük Britaniya hökuməti İranın Körfəz ölkələrinin daxili siyasətinə müdaxilə etməsinə qarşıdır: "Bu sazişin İranın qonşuları və beynəlxalq ictimaiyyətlə münasibətini dəyişmək istiqamətində atılan addım olacağına ümid edirik və gözləyirik".
Qeyd edək ki, İran və beynəlxalq "altılıq" (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında uzun illərdir davam edən İran atomunun nizamlanması problemi barəsində tarixi razılıq əldə edilib. Danışıqlar birgə fəaliyyət planının qəbul edilməsi ilə başa çatıb. Bu plana riayət etmək BMT-nin TŞ, ABŞ və Aİ tərəfindən İrana qarşı tətbiq edilən bütün iqtisadi və maliyyə sanksiyaları tamamilə ləğv edəcək.