...

Buşehr AES yenidən fəaliyyətə başlayıb

Dünya xəbərləri Materials 23 İyun 2020 10:30 (UTC +04:00)
Buşehr AES yenidən fəaliyyətə başlayıb

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası (AES) yenidən ölkənin elektrik şəbəkəsinə qoşulub.

Trend-in məlumatına görə, bunu AES-in İstismarı Şirkətinin icraçı direktoru Rza Bənazadə deyib.

R.Bənazadənin sözlərinə görə, stansiyanın reaktorunda olan nüvə yanacağının üçdə biri boşaldılıb və yeni nüvə yanacağı yüklənib.

O, əlavə edib ki, koronavirusun yayıldığı müddətdə bir sıra önləyici tədbirlər görüldüyünə görə, yerli və xarici podratçı mütəxəssislərdən istifadə etməkdə məhdudiyyətlər yaranmışdı.

“Bu məhdudiyyət əslində AES-in İstismarı Şirkətində dəyərli fürsətə çevrildi. Belə ki, şirkətin mütəxəssisləri nəzərdə tutulmuş zaman cədvəli əsasında Atom Elektrik Stansiyasında yanacağın dəyişdirilməsi və başqa təmir işlərini həyata keçirdilər”.

Şirkət rəsmisi deyib ki, Buşehr AES davamlı şəkildə yerli nəzarət qurumları, beynəlxalq dairələr, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Atom Operatorları Dünya Assosiasiyasının (World Association of Nuclear Operators) nəzarətindədir.

Qeyd edək ki, İranın Buşehr AES aprelin 12-də nüvə yanacağının dəyişdirilməsi məqsədilə fəaliyyətini dayandırıb. 29 apreldə İranın Atom Enerjisi Təşkilatı ilə Rus Atom Dövlət Şirkətinin əməkdaşlığı nəticəsində Rusiyadan yeni nüvə yanacağı gətirilib. Bu stansiyada 1 min meqavat elektrik istehsal olunaraq İranın elektrik şəbəkəsinə verilir.

Əlavə edək ki, Buşehr AES-in 1-ci enerji blokunda istehsal olunan elektrik 2011-ci il 3 sentyabrdan İranın elektrik şəbəkəsinə təhvil verilməyə başlayıb. Stansiyanın 1-ci enerji bloku istismara verildiyi vaxtdan indiyədək təxminən 43 milyard kilovat saat elektrik istehsal edib və ölkənin elektrik şəbəkəsinə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti