Bakı. Trend:
Suriya Ərəb Dövlətləri Liqasına yenidən üzv olmağa layiq deyil.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda Vaşinqton Dəməşqlə münasibətləri normallaşdırmaq arzusunda deyil.
Öz növbəsində Ağ Ev qeyd edib ki, təşkilatın qərarı uzun illər vətəndaş müharibəsinə səbəb olan Suriya böhranının geridə qalması demək deyil.
"Bu qərar bütün Ərəb Dövlətləri Liqasının üzvlərinin Suriya ilə münasibətlərini normallaşdırdığı və Suriya böhranının həll olunduğu anlamına gəlmir", - deyə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
O, V.Patelin ardınca qeyd edib ki, Vaşinqton Əsəd rejimi ilə münasibətləri normallaşdırmaq imkanını nəzərdən keçirmir.
Xatırladaq ki, bazar günü Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrin XİN rəhbərləri Suriyanın təşkilatdakı üzvlüyünü bərpa etmək qərarına gəliblər.