Bakı. Trend:
Almaniya və İsveç Amerika Birləşmiş Ştatlarından ümumi dəyəri 3,5 milyard dollar olan AMRAAM “hava-hava” raketləri alacaq.
Trend-in məlumatına görə, ABŞ Dövlət Departamenti Almaniya və İsveçə 1219 ədəd AIM-120C-8 AMRAAM “hava-hava” raketlərinin çatdırılmasını təsdiqləyib.
Ümumilikdə, Almaniya 969-a qədər təkmilləşdirilmiş AIM-120C-8 AMRAAM orta diapazonlu “hava-hava” raketlərinin, həmçinin 12 AMRAAM C8 istiqamətləndirici bölmənin və bir sıra əlavə proqram təminatı və dəstək avadanlığının alınması ilə bağlı müraciət edib. Nəzərdə tutulan sövdələşmənin ümumi dəyəri 2,9 milyard dollar qiymətləndirilir.
DSCA, həmçinin İsveçə potensial satışı təsdiqləyib. İsveç hökuməti 250-yə qədər AIM-120C-8 AMRAAM raketi, altı AMRAAM C-8 idarəetmə bölməsi və müvafiq avadanlıq və dəstəyin alınması ilə bağlı müraciət edib. Bu nəzərdə tutulan satışın təxmini dəyəri 605 milyon dollardır.