Antalya.Trend:
Çoxqütblülük, şübhəsiz ki, bizim hər birimiz üçün böyük çağırışdır, bununla belə, o həm də Gürcüstan kimi ölkələr üçün yeni perspektivlər açır.
Trend xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze 4-cü Antalya Diplomatiya Forumunda bildirib.
Kobaxidze həm iqtisadi, həm də siyasi planda beynəlxalq tərəfdaşlıqların genişlənməsində Gürcüstanın göstərdiyi səylərə diqqət çəkib:
“Biz bütün dünya üzrə öz tərəfdaşlıq əlaəqlərimizi dərinləşdiririk. Gürcüstan həm iqtisadi, həm də siyasi baxımdan Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirməklə strateji əhəmiyyətli rol oynayıb”,-deyə baş nazir Gürcüstanın 50-dən çox ölkə ilə o cümlədən Avropa İttifaqı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Çin və MDB ölkələri ilə azad ticarət haqda saziş imzaladığını xatırladıb.
Gürcüstan təxminən 50 ölkə ilə vizasız rejimə malikdir. Baş nazir Gürcüstanın bu əlaqələrin möhkəmləndirilməsi və dünya arenasında öz mövqeyini gücləndirmək öhdəliyinə sadiqliyini bir daha təsdiqləyib.
O, həmçinin regiondakı məsələlərə toxunaraq qeyd edib ki, Cənubi Qafqazda mövcud çətin vəziyyətə baxmayaraq, Gürcüstan sülhün qorunmasında müsbət rol oynamaqda davam edir. “Qonşu ölkələrimiz Gürcüstanın əməkdaşlığın gücləndirilməsi və regionda sülhün təmin olunması istiqamətindəki səylərini yüksək qiymətləndirir,” – deyə o bildirib.
Gürcüstan 2021-ci ildən bəri orta hesabla 9,4 faiz təşkil edən iqtisadi artım tempi nümayiş etdirir ki, bu da həm regionda, həm də Avropada ən yüksək göstəricidir. “İqtisadi inkişaf və sülh – məhz bunlar bizim gələcəyimizin açarıdır,” – deyə Kobaxidze vurğulayıb və Gürcüstanın Aİ-yə üzv olmağa can atmasını ölkənin xarici siyasətində əsas prioritet kimi qeyd edib.