Bakı. Trend:
Fransa yaxın günlərdə Qəzza əhalisinin təxirəsalınmaz ehtiyaclarının ödənilməsi məqsədilə anklava səmadan paraşütlə humanitar yardım atmağa başlayacaq.
Trend-in məlumatına görə, bu barədə AFP diplomatik mənbələrə istinadən xəbər verir.
“Müəyyən olunmuş əməliyyatlar zamanı əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün ehtiyat tədbirləri görüləcək”, – deyə agentlik mənbənin sözlərini sitat gətirib.
Eyni zamanda, mənbə qeyd edib ki, bu əməliyyatlar humanitar yüklərin çatdırılması üçün quru dəhlizlərinin açılması zərurətini aradan qaldırmır.
“Fransa, eyni zamanda, quru yolu ilə çatdırılma üzərində də işləyir. Bu, şübhəsiz, ehtiyac içində olan əhalini genişmiqyaslı və maneəsiz şəkildə humanitar yardımla təmin etmək üçün ən səmərəli həll yoludur”, – deyə o əlavə edib.