Bakı. Trend:
Katmanduda (Nepal) etirazçılarla polis qüvvələri arasında baş verən qanlı toqquşmalarda ölənlərin sayı 14 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə “Nepal News” xəbər portalı məlumat yayıb.
Bundan əvvəl itki sayının 6 nəfər təşkil etdiyi bildirilirdi. Katmandu xəstəxanasına gün ərzində onlarla yaralı daxil olub.
Qeyd edək ki, sentyabrın 8-də Katmanduda parlament binası qarşısında “Z nəslinin inqilabı” adı altında kütləvi etiraz aksiyası keçirilib. KİV-in məlumatına əsasən, minlərlə nümayişçi ötən həftə hökumətin ölkədə sosial şəbəkələr və messencerlərin məhdudlaşdırılması qərarına hiddət nümayiş etdirib.
Dinc başlayan aksiya iğtişaşlarla müşayiət olunub. Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, etirazçıları dağıtmaq üçün atəş açılıb.