...

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarını araşdırır (Özəl müsahibə)

Dünya xəbərləri Materials 15 Sentyabr 2025 09:48 (UTC +04:00)
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarını araşdırır (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BTSDB -ing.) Azərbaycanla enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsi üzərində iş aparır.

Bunu Trend-ə verdiyi özəl müsahibədə BTSDB prezidenti Serhat Köksal Bakı səfəri çərçivəsində bildirib.

“Yaşıl enerji – prioritet məsələdir. Maliyyə sektorunda işlə yanaşı, bizim bərpa olunan enerji sferasında layihələr var və biz şəbəkələrin müasirləşdirilməsi və enerji səmərəliliyinin artırılması üzrə əməkdaşlıq imkanlarını araşdırırıq”, -deyə o bildirib.

Bakıya səfərini şərh edən Köksal qeyd edib ki, bu səfər Azərbaycanın nəqliyyat infrastrukturu, “yaşıl” enerji və yerli banklar vasitəsilə kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsi kimi prioritet sahələrdə tərəfdaşlığın dərinləşdirilməsinə yönəlib.

“Biz mövcud əməkdaşlığı gücləndirmək və iqtisadiyyatın şaxələndirilməsi, inkişafına imkan verəcək yeni layihələr üçün zəmin hazırlamaq istəyirik. Artıq “Rabitabank” və “TuranBank” ilə aktiv proqramlarımız mövcuddur və biz Azərbaycan bankları ilə ticarət, maliyyələşdirmə və KOS-un dəstəklənməsi üzrə yeni kredit xətləri hazırlayırıq. Məmnuniyyətlə bildirirəm ki, cari səfərim çərçivəsində iki yeni kredit sazişi imzaladıq: “AzerTurk Bank” ilə 8,5 milyon manat, Bank Respublika ilə 25 milyon manat məbləğində. Azərbaycan KOS-larının maliyyələşdirilməsi üçün bu mexanizmlər şirkətlərə sürətli çıxış, məşğulluğun dəstəklənməsi və şaxələndirmənin təmin olunmasında sınaqdan çıxmış üsuldur”,-dey BTSDB prezidenti aydınlaşdırıb.

O, bankın hazırda “Rabitabank” və “TuranBank” ilə əməkdaşlıq etdiyini, yaxın zamanda isə tərəfdaşlarının sayını “AzerTurk Bank” və “Bank Respublik”a hesabına genişləndirdiyini diqqətə çatdırıb.

“Biz tərəfdaş siyahısının daha da genişləndirilməsinə açığıq. Yanaşmamız sadədir: bizim maliyyə dayanıqlılığı, uyğunluq və idarəetmə standartlarımıza cavab verən istənilən bank tərəfdaşımız ola bilər. Əlavə qurumlarla danışıqlar aparılmaqdadır”,- deyə Köksal əlavə edib.

BTSDB prezidenti vurğulayıb ki, nəqliyyat infrastrukturu bank üçün strateji istiqamətdir: “Azərbaycanın Orta Dəhlizdəki mərkəzi mövqeyi onu nəqliyyat, logistika və regional inteqrasiyanı gücləndirən rəqəmsal infrastrukturun maliyyələşdirilməsi üçün təbii tərəfdaşa çevirir”.

Köksal qeyd edib ki, energetika və nəqliyyat infrastrukturundan əlavə, bank kənd təsərrüfatı, ərzaq emalı və İKT-ni də dəstəkləməyə hazırdır. “Bunlar şaxələndirmə üçün həyati vacib sektorlardır və biz maliyyələşdirməmizin əlavə fayda verə biləcəyi imkanları fəal şəkildə axtarırıq”.

BTSDB prezidenti, həmçinin, manatla istiqraz buraxılışı perspektivlərinə toxunub.

“BTSDB Azərbaycanda az rəqabətli istiqraz buraxılışı həyata keçirən ilk çoxtərəfli inkişaf bankı olub. 2019-cu ilin avqustunda biz Bakı Fond Birjasında 10 milyon manatlıq ikiillik istiqrazı uğurla yerləşdirdik. Bu əməliyyat Azərbaycanın beynəlxalq maliyyə institutları tərəfindən manatda istiqraz buraxılışı tarixində bir ilk idi və bizim üçün mühüm mərhələ oldu, bu da Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Bakı Fond Birjasının dəstəyi sayəsində mümkün oldu. Sonrakı buraxılışların müxtəlif səbəblərdən baş tutmamasına baxmayaraq, biz manatla istiqraz buraxılışını Azərbaycan banklarının manatda ayrılan kreditlərə əlçatanlığının artırılmasını dəstəkləmək üçün fəaliyyətimizin təbii istiqaməti kimi görməyə davam edirik. Bazar vəziyyətini izləyirik və yerli kapital bazarına qayıtmaq üçün uyğun vaxtı qiymətləndiririk”,-deyə o vurğulayıb.

Sonda Köksal vurğulayıb ki, Azərbaycan BTSDB-in təsisçi ölkələrindən biridir və bank Azərbaycan institutları ilə əməkdaşlıqdan məmnundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti