Bakı. Trend:
Aİ-nin prioritetlərindən biri vahid, qarşılıqlı əlaqəli və əlçatan enerji bazarının, tamdəyərli Enerji İttifaqının yaradılmasıdır.
Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına ünvanladığı xüsusi müraciətində bildirib.
“Enerji həm şirkətlər, həm də ev təsərrüfatları üçün ‘dar boğaz’ olaraq qalır. Avropanın elektrik enerjisi habları arasında qiymət fərqlərinə nəzər salmaq kifayətdir. Avropaya bütün elementləri birləşdirən vahid enerji planı lazımdır. Bu, əlçatan enerji təminatı üzrə fəaliyyət planımızdır. Məsələn, biz enerji təhlükəsizliyinə və müstəqilliyinə interkonnektorların və şəbəkələrin inkişafı vasitəsilə genişmiqyaslı investisiyalar yatırırıq.
Söhbət bizim maksimum dərəcədə fəal irəlilətməyə can atdığımız öz enerji mənbələrimizin inkişafından , nüvə enerjisinin və bərpaolunan enerji mənbələrindən gedir. Məqsəd qiymətləri aşağı salmaq, asılılığı azaltmaq, qiymət dəyişkənliyinə, manipulyasiyalara və tədarükdə fasilələrə son qoymaqdır. Lakin indi bu keçidi sürətləndirməliyik, çünki öz etibarlı, dayanıqlı və ucuz enerjimiz iqtisadi artımımızı stimullaşdıracaq, avropalıların rifahını təmin edəcək və müstəqilliyimizi möhkəmləndirəcək”, – deyə o bildirib.
Ursula fon der Lyayen vurğulayıb ki, ticarət, biznes, kapital və energetika məsələlərində Avropa təcili fəaliyyət zərurətini dərk etməlidir.
