Bakı. Trend:
İranda son etirazlar nəticəsində 305 təcili yardım maşını və avtobus, 24 yanacaqdoldurma məntəqəsi, 300 fərdi ev, 700 mağaza, 750 bank, 414 dövlət binası, 749 polis bölməsi, 120 Bəsic mərkəzi, 200 məktəb, 350 məscid, 15 kitabxana, 2 erməni kilsəsi, 800 bankomat və 800 şəxsi avtomobilə ziyan dəyib.
Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Araqçi "X" sosial şəbəkə hesabında paylaşım edib.
Araqçinin sözlərinə görə, ölənlərin ümumi sayı 3117 nəfər olub, onlardan 2427-si mülki şəxslər və təhlükəsizlik qüvvələri, 690-ı isə terrorçu olub.
Qeyd edək ki, 2025-ci ilin dekabrın sonlarında İranda başlayan etirazlar əsasən milli valyutanın kəskin şəkildə dəyərdən düşməsi, artan inflyasiya və digər müxtəlif iqtisadi çətinliklərdən qaynaqlanırdı.
