Bakı. Trend:
Avropa Komissiyası “TikTok”un istifadəçilərdə asılılıq yarada bilən dizayn xüsusiyyətlərinə görə xəbərdarlıq edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, komissiyanın ilkin qiymətləndirməsində platformadakı “Infinite Scroll”, “Autoplay” və fərdiləşdirilmiş tövsiyə alqoritminin istifadəçilərin özünü idarəetmə qabiliyyətini zəiflədiyi və asılılıq riskini artırdığı qeyd olunub.
Məlumata görə, bu xüsusiyyətlərin xüsusilə azyaşlılar və asılılığa meyilli yetkinlər üçün zərərli olduğu vurğulanıb.
Komissiya “TikTok”da ekran vaxtı məhdudlaşdırılması və valideyn nəzarəti funksiyalarının mövcud olduğunu qeyd etsə də, bu alətləri kifayət qədər təsirli saymır. Buna görə də platformanın dizaynında köklü dəyişikliklər tələb olunur: avtomatik ekran fasilələri tətbiq edilməli və “Infinite Scroll” funksiyası aradan qaldırılmalıdır.
“TikTok” tələbləri yerinə yetirməzsə, şirkət illik qlobal gəlirinin 6 faizi qədər cərimə ilə üzləşə bilər.
“TikTok” isə iddialara cavab vermək üçün vaxt istəyib və nəticələrə qarşı çıxacağını açıqlayıb.
