...

MAQATE: İran uranın zənginləşdirilməsi üzrə işləri yubadır, lakin təhlükəli nüvə texnologiyaları ilə eksperimentləri davam etdirir

Dünya xəbərləri Materials 9 İyun 2006 14:03 (UTC +04:00)

İran uranın zənginləşdirilməsi üzrə işləri bir qədər yubadır, lakin nüvə silahının yaradılması üçün istifadə oluna biləcək təhlükəli texnologiyalar ilə eksperimentləri davam etdirir. Bu məlumatlar Atom enerjisi üzrə beynəlxalq agentliyin (MAQATE) hazırladığı məruzədə var. (C) Associated Press-in verdiyi xəbərə görə, bu gün təşkilatın 35 üzv ölkəsi arasında yayılmış məruzədə həmçinin qeyd olunur ki, BMT müfəttişləri də İranın əvvəllər müstəsna olaraq dinc nüvə tədqiqatları ilə məşğul olması barədə inandırıcı sübut tapa bilmədilər.

Trend in verdiyi xəbərə görə, bir gün əvvəl qeyri-rəsmi mənbələrdən AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solananın 6 iyun 2006-cı ildə Tehrana gətirdiyi təşəbbüslər paketinin bəzi təfərrüatları məlum olub. Təşəbbüslər paketi Çin, Rusiya və ABŞ -ın iştirakı ilə "Avropa üçlüyü" (Böyük Britaniya, Almaniya, Fransa) tərəfindən işlənib hazırlanıb. Bildirilir ki, qərb ölkələri uranın zənginləşdirilməsinin tamamilə dayandırılması barədə İrana qarşı qəti tələbi gündəlikdən çıxarmağa hazırdır və indi prosesin yalnız danışıqlar zamanı dayandırılmasını təkid edirlər. İran dünya birliyinin yeni təkliflərinə müvafiq olaraq, uranın konversiyasını - zənginləşdirmədən əvvəl gələn texnoloji prosesin bir hissəsini həyata keçirmək hüququnu əldə edə bilər.

İran ilk dəfə olaraq bildirdi ki, onun alimləri 11 aprel 2006-cı ildə uranı zənginləşdirməyə nail olublar. Bu prosesdə 164 sentrifuqadan istifadə olunub. İran rəhbərliyinin sözlərinə görə, 2006-cı ildə bu say 3 minə çatacaq, milli nüvə proqramının məqsədlərini təmin etmək üçün isə ən azı 54 min bu cür qurğu tələb olunur.

Xəbər lenti

Xəbər lenti