...

Oqtay Əsədov: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasının inkişafına ciddi maneə törədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2011 13:57 (UTC +04:00)
Azərbaycan Avroatlantik strukturlara inteqrasiya edir, lakin Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə törədir.
Oqtay Əsədov: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasının inkişafına ciddi maneə törədir

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Avroatlantik strukturlara inteqrasiya edir, lakin Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə törədir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda Bolqarıstan Prezidenti Georgi Pırvanovla görüşündə Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Əsədovun sözlərinə görə, təcavüzkar Ermənistan problemin həlli ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymur.

"Azərbaycanın inkişaf dinamikası Ermənistandan qat-qat yüksəkdir. Amma biz bütün bunlara baxmayaraq, problemin sülh yolu ilə ədalətli həllinə tərəfdarıq. Ümidvarıq ki, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli istiqamətində dost ölkələr səylərini artıracaqlar", - spiker vurğulayıb.

Azərbaycana rəsmi səfəri çərçivəsində Bolqarıstan Prezidenti Georgi Pırvanov noyabrın 15-də Milli Məclisdə olub.

Bolqarıstan Prezidenti əvvəlcə Parlamentin iclas zallarına baxıb, burada deputatlar üçün yaradılmış şəraitlə tanış olub. Pırvanov Milli Məclisdə Heydər Əliyev xatirə zalında da olub.

Əsədov qeyd edib ki, Azərbaycan-Bolqarıstan əlaqələrinin dərin kökləri var.

"Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. İmzalanmış dövlətlərarası və hökumətlərarası sənədlər əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradır. Bu səfər çərçivəsində imzalanmış sənədlər həmin bazanı daha da möhkəmləndirib", - spiker əlavə edib.

Öz növbəsində, Georgi Pırvanov deyib ki, Azərbaycana hər gəlişində böyük və sürətli inkişafın şahidi olur.

Bolqarıstan Prezidenti vurğulayıb ki, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının rolu böyükdür.

Pıranov Dağlıq Qarabağ münaqişəsinin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bir daha vurğulayıb, problemin həlli ilə bağlı rəsmi Sofiyanın mövqeyinin dəyişməyəcəyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti