...

Bu gündən sərhəddə yaşayan Azərbaycan vətəndaşları xarici pasportsuz İrana gedə bilməyəcəklər

Siyasət Materials 26 Dekabr 2012 10:31 (UTC +04:00)
Azərbaycan ilə İran arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkənin vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumun ləğv edilməsi ilə bağlı qanun qüvvəyə minib.
Bu gündən sərhəddə yaşayan Azərbaycan vətəndaşları xarici pasportsuz İrana gedə bilməyəcəklər

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ilə İran arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkənin vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumun ləğv edilməsi ilə bağlı qanun qüvvəyə minib.

Trend-in məlumatına görə "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" Memorandumun təsdiq edilməsi barədə qanunun ləğv edilməsi haqqında qanun bu gündən qüvvəyə minib.

Qeyd edək ki, bu memorandumun əsasında SSRİ ilə İran arasında imzalanmış sərhəd rejiminin tənzimlənməsinə dair qaydalar olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan və İran arasında dostluq münasibətlərini nəzərə alaraq bu memorandum imzalanmışdı. Lakin bu sənədin bəndləri SSRİ qaydalarına müvafiq idi. Son illər ərzində Azərbaycanın qanunvericiliyinin kifayət qədər inkişaf etməsi səbəbindən bütün ölkələrlə müasir qaydalara uyğun viza, miqrasiya məsələləri tətbiq olunur.

Memorandum iki dövlət arasındakı sərhəd xəttindən hər iki tərəfə 45 km enində yerləşən sərhədyanı rayonlarda yaşayan tərəflərin dövlətlərinin vətəndaşlarına şamil edilirdi.

Memoranduma əsasən sərhədyanı rayonlarda daimi yaşayan Azərbaycan vətəndaşları sadələşdirilmiş qaydada İrana səfər etmək üçün xüsusi qeydlər səhifəsində sərhədyanı rayonlarda daimi yaşamaları barədə Azərbaycan və ingilis dillərində "qeyd" aparılan ümumvətəndaş pasportları əsasında sərhədi keçə bilərdilər, sərhədyanı rayonlarda daimi yaşayan İran vətəndaşları isə sadələşdirilmiş qaydada Azərbaycana səfər etmək üçün qəbul olunmuş formada fars və rus dillərində tərtib olunan "sərhəd keçidlərinə dair sertifıkat" əsasında sərhədi keçmək hüququna malik idilər.

Həmçinin, "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında" Memorandumun təsdiq edilməsi barədə" qanunun ləğv edilməsi haqqında qanun da bu gündən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti