...

Bu gün 8 idmançımız Avropa Oyunlarının cüdo yarışlarında medal uğrunda mübarizə aparacaq

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı 2015 birinci Avropa Oyunları çərçivəsində cüdo yarışlarına start verilir. İyunun 25-dən 28-dək davam edəcək cüdo yarışları Heydər Əliyev adına İdman Sarayında keçirilir.

Trend xəbər verir ki, Avropa Oyunlarının cüdo yarışlarının ilk günü Azərbaycanın 8 təmsilçisi medal uğrunda mübarizə aparacaq. Onlardan 4-ü kişi, 4-ü isə qadın cüdoçularımızdır.

Cüdoçularımızdan tatami üzərinə ilk olaraq 48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva çıxacaq. Onun 1/16 final mərhələsindəki rəqibi Sloveniya idmançısı Kristina Vrşiç olacaq.

Eyni çəki dərəcəsində daha bir qadın cüdoçumuz - Ayşə Qurbanlı da mübarizə aparacaq. O, 1/16 final mərhələsində Rusiya idmançısı Kristina Rumyantseva ilə qarşılaşacaq.

52 kq-dək çəki dərəcində qadın cüdoçuların yarışında isə ölkəmizi Səkinə Zayirova təmsil edəcək. Səkinənin 1/16 final mərhələsindəki rəqibi İsrail təmsilçisi Roni Şvartz olacaq.

Qadın cüdoçularımızdan ən adlı-sanlısı, 57 kq-dək çəki dərəcəsində yarışan Kifayət Qasımova isə 1/16 final mərhələsində Serbiya idmançısı Yovana Rogiç ilə üz-üzə gələcək.

Bu gün kişilər arasında yarış iki çəki dərəcəsində keçiriləcək. Hər çəkidə ölkəmizi iki cüdoçu təmsil edəcək. Belə ki, 60 kq-dək çəkili cüdoçuların yarışında İlqar Müşkiyev və Orxan Səfərov, 66 kq-dək çəki dərəcəsində isə Nicat Şıxəlizadə və Tərlan Kərimov Azərbaycanın medal ümidləri sayılır.

Təmsilçilərimizdən Nicat Şıxəlizadənin və Tərlan Kərimovun 1/16 final mərhələsindəki rəqibləri müvafiq olaraq Sinan Sandal (Türkiyə) və Mixail Pulyayev (Rusiya) olacaq. Təsnifat mərhələsindən azad olan Orxan Səfərov və İlqar Müşkiyevin 1/8 finaldakı rəqibləri isə müvafiq olaraq Yann Sikkardi (Monteneqro) - Arif Bağırov (Belorus cütlüyünün qalibi) və Fransisko Qarriqos (İspaniya) - Alon Rahima (İsrail) cütlüyünün qalibi ilə qarşılaşacaqlar.

Xatırladaq ki, bu yarışda gözdən əlil olan cüdoçular da Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, cüdo ilk Avropa Oyunlarında paralimpiya idman növləri sırasına daxil edilən yeganə idman növüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti