...

Röyanı çox sevirəm - xalq artisti Aygün Kazımova (FOTO)

Mədəniyyət Materials 20 Dekabr 2010 17:30 (UTC +04:00)
"Maşın" realiti-şousunun "Revanş" sürətini bilməyərəkdən maşından əlini çəkməklə tərk edən Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımova şounu tərk etdikdən sonra ilk dəfə olaraq təəssüratlarını Trend oxucuları ilə bölüşdü.
Röyanı çox sevirəm - xalq artisti Aygün Kazımova (FOTO)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

"Maşın" realiti-şousunun "Revanş" sürətini bilməyərəkdən maşından əlini çəkməklə tərk edən Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımova şounu tərk etdikdən sonra ilk dəfə olaraq təəssüratlarını Trend oxucuları ilə bölüşdü. İlk növbədə, yaxın dostu və duet ortağı Namiq Qaraçuxurluya onu dəstəklədiyi və bizə verdiyi səmimi müsahibəsinə görə təşəkkürünü bildirən pop-diva avtomobil uğrunda mübarizə aparan bütün iştirakçılara uğurlar arzuladı.

"Kinli insan olmadığım çoxlarına məlumdur. Bəlkə də Tanrının mənə verdiyi ən böyük hədiyyə insansevər xasiyyətə sahib olmağımdır. Şouda mübarizə aparmaq həqiqətən də çox çətin idi. Tarıma çəkilmiş əsəblər, əsl döyüş meydanını xatırladan şounu tərk etməməkdən ötrü çox güclü olmalısan. Məncə, tamaşaçılara yetərincə oyunumu nümayiş etdirə bildim. Siz jurnalistlərdən də xahiş edirəm ki, gecə ilə şounu tərk edən dostlarımın vəziyyətini nəzərə alasınız. Və onları qalmaqallı açıqlama verməyə vadar etməyəsiniz. Vallah, şou bitdikdən sonra hər şey qaydasına düşəcək. Əsas odur ki, mən şouda olduğum zaman şou-biznesdə özümün daha 17 etibarlı dostumun olduğunu təsdiqlədim. Heç kimdən zərrə qədər də incikliyim yoxdur. Qoy ən dözümlü iştirakçı da bu maşını qazansın!" - Aygün Kazımova deyib.

Xalq artisti, münasibətləri illərdən bəri dost, yoxsa düşmən müstəvisində olduğu hələ tam dəqiqləşməyən müğənni Röya Ayxan haqqında da gözlədiyimiz xoş sözləri səsləndirməkdən çəkinmədi.

"Röyanı mən çox istəyirəm və mənim canımdır. Şouda iştirakım zamanı bunu göstərməyə çalışırdım. Bəli, biz bir qruplaşma yaratmışdıq. Bunu gizlətmirdik də. Mən istəyirəm ki, Röya öz səhhətinə çox ciddi fikir versin. O, ikicanlıdır. Hamiləliyini daha xoş anlarla keçirməlidir. Deyim ki, onun şoudakı mövqeyini dəstəkləyirəm və ümidvaram ki, o, taktikalı oyununu davam etdirməklə qrupumuzun əsas missiyasını bacardığı qədər nümayiş etdirəcək. Son olaraq, "Maşın şou"nun əsas təşkilatçı və aparıcısı, rəqibsiz şoumen, əziz dostum Murad Dadaşov olmaqla, şirin Röyama və mübarizəsini davam etdirən bütün dostlarıma öz sevgilərimi çatdırmağınızı istəyirəm. Qoy bilsinlər ki, böyük maraqla şounun gedişatını izləyirəm. Hamınızı öpüb bağrıma basıram", - Kazımova əlavə edib.

Qeyd etmək istərdik ki, yazıda sizə təqdim etdiyimiz foto mobil telefonla, Aygün xanımın şouda iştirak etdiyi zaman çəkilib və böyük sürətlə internetdə yayılır. İki müğənninin dostluqlarının sevinclərini gözlərindən oxumaq elə də çətin deyil. Daha da mehriban olasınız əziz rəfiqələr!

Xəbər lenti

Xəbər lenti