...

Moda dünyasına brend gəlir və ya Nigar Rəfiyevanın tanımadığınız tərəfləri (FOTO)

Mədəniyyət Materials 15 Aprel 2011 19:56 (UTC +04:00)
"İstanbul macəraları" adını verdiyim reportajların davamı kimi sizə V hissədə maraqlı bir müsahibə təqdim edirəm. Söhbət İstanbula ilk səfərimin təşkil olunmasında bilavasitə köməyini əsirgəməyən "Riad Tour" turizm şirkətinin rəhbəri, tanınmış iş adamı xanım Nigar Rəfiyeva ilə görüşümüzdən hazırladığım müsahibədən gedir. Türkiyənin qədim saraylarından biri, İstanbulun gözü hesab edilən "Çırağan" sarayında məni qonaq kimi qarşılayan Nigar xanım, görüşə anası ilə birlikdə gəlmişdi. Əvvəllər qiyabi tanışlığımız olsa da, ilk görüşümüz o qədər xoş ab-havada keçdi ki, sanki özümü qohumlarımın əhatəsindəki kimi hiss etdim
Moda dünyasına brend gəlir və ya Nigar Rəfiyevanın tanımadığınız tərəfləri (FOTO)

Türkiyə, İstanbul, 15 aprel /Trend, müxbir Ş.Cavadsoy/

"İstanbul macəraları" adını verdiyim reportajların davamı kimi sizə V hissədə maraqlı bir müsahibə təqdim edirəm. Söhbət İstanbula ilk səfərimin təşkil olunmasında bilavasitə köməyini əsirgəməyən "Riad Tour" turizm şirkətinin rəhbəri, tanınmış iş xanımı Nigar Rəfiyeva ilə görüşümüzdən hazırladığım müsahibədən gedir. Türkiyənin qədim saraylarından biri, İstanbulun gözü hesab edilən "Çırağan" sarayında məni qonaq kimi qarşılayan Nigar xanım, görüşə anası ilə birlikdə gəlmişdi. Əvvəllər qiyabi tanışlığımız olsa da, ilk görüşümüz o qədər xoş ab-havada keçdi ki, sanki özümü qohumlarımın əhatəsindəki kimi hiss etdim.

Gənc olmasına baxmayaraq, illərdən bəri biznes-ledi olmaq məsuliyyətini öz zərif çiyinləri üzərində daşıyan xanım Rəfiyevanın suallarımıza diplomatik cavab verməsi də diqqətimizdən yayınmadı. Odur ki, bu günlərdə yenilikləri ilə Bakıya gəlişi gözlənilən gənc işgüzar xanımın müsahibəsinə biganə qalmamağınız məsləhətdir:

- Nigar xanım, söhbətimizin ana xəttini turzim sektoru təşkil etsə də, istərdik ki, ilk olaraq "Nigar Rəfiyeva kimdir" sualına cavab verəsiniz. Sizi tanıyanların sayı yetərincə olsa da, söhbətimizə bu bəsit suala öz dilinizdən verəcəyiniz cavabla başlasaq, yaxşı olar.

- Nigar Rəfiyeva Bakı şəhərində anadan olub. Sevimli şəhərimdə böyüyüb, boya-başa çatmışam. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin fərqlənmə diplomu ilə məzunu olmuşam. Amma elə oldu ki, mən öz peşəmlə yox, çox gənc yaşımdan, universitetin son kurslarında təhsil alarkən turizm işinə başladım. Biznes sektorunda fəaliyyətə başlayanda 20-21 yaşında idim. Allahın köməkliyi ilə bu iş məndə alındı və indinin özündə də peşəmi sevərək davam etdirirəm.

- Cəmiyyətdə tutduğu mövqedən, yaşadığı ölkədən asılı olmayaraq, hər bir insan özünü tanıyandan vətənindən başqa, digər ölkələri gəzib-görmək eşqi ilə yaşayır. Rəhbəri olduğunuz "Riad Tour" turzim şirkətinin yerli və xarici vətəndaşlar üçün təqdim etdiyi xidmət səviyyəsi sizi qane edirmi?

- Şirkətin rəhbəri kimi gördüyümüz işləri tərifləsəm, ən azından düzgün çıxmaz. Və turizm sektorundakı mövqeyimizdən, rəqiblərimizdən keyfiyyətli xidmətə görə seçildiyimiz üçün bu sualı şirkətimizin xidmətlərindən istifadə edən insanlar cavablandırsa, daha yaxşı olar. "Riad Tour" neçə illərdir özünə etibarlı müştərilər qazanıb. Gördüyümüz işlər göz qabağındadır.

Məqsədimiz və hədəfimiz ondan ibarətdir ki, Azərbaycan turizminin inkişafı yolunda az da olsa payımız olsun. Fikrimcə, buna nail oluruq da. Nailiyyətlərimiz də çoxdur. Onu vurğulamaq istəyirəm ki, mənim şirkətə rəhbərlik etməyim 2004-cü ilə təsadüf edib. Çoxlarına məlumdur ki, "Riad Tour" bizim ailə şirkətimiz idi və ona mərhum atam Rasim Rəfiyev rəhbərlik edirdi.

Atam dünyasını dəyişdikdən sonra işin başına keçdim. Və artıq 7 ildir ki, bu sahədə çalışıram. Hesab edirəm ki, rəhbər olmaq, iş aparmaq məndə alınır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, ölkə Prezidentinin məlum sərəncamı ilə 2011-ci il Azərbaycanda "Turizm ili" elan edilib. Dövlət siyasətimizdə də Azərbaycanda turizmin inkişafı, xarici ölkələrdən turistlərin cəlb olunması üçün lazımi tədbirlər çox mükəmməl şəkildə öz əksini tapıb. Məhz bu prinsipləri əlimizdə rəhbər tutaraq, çalışırıq ki, nəinki öz vənətdaşlarımızı yüksək turizm xidmətləri ilə təmin edək, eləcə də ölkəmizi xaricdən gələn turistlərə ən gözəl şəkildə göstərə bilək. "Riad Tour"un fəaliyyət sahəsi təkcə ondan ibarət deyil ki, azərbaycanlıları xarici ölkələrə istirahətə və ya iş səfərlərinə göndərək. Xeyr, bizim işimiz ona yönəlib ki, xarici ölkə vətəndaşlarının da Azərbaycana gəlişini yüksək səviyyədə həyata keçirək. İstənilən qonağın Heydər Əliyeva adına Beynəlxalq Hava Limanında qarşılanmasından tutmuş, transfer xidməti, hoteldə yeləşdirilməsinə qədər hər bir detal peşəkar komandamız tərəfindən layiqincə yerinə yetirilir. Paytaxt Bakı da daxil olmaqla, digər bölgələrimizdə xarici vətəndaşlar üçün gəzinti turlarının təşkili də təklif etdiyimiz paketlərdə öz əksini tapır. Fəaliyyətimizdə önəm verdiyimiz başqa vacib cəhət isə müştərilərin etimadını qazana bilməkdir ki, şirkətin servislərindən yararlanan müştəri ikinci dəfə də məhz "Riad Tour"un xidmətlərindən istifadə etsin. Bu bizim əsas devizimizdir. Bəlkə də sualınızla bağlılığı olmayacaq, amma xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda turizm kompleksləri yeni-yeni inşa edilir. Amma füsünkar təbiətimiz, 9 iqlim qurşağının məhz vətənimizdə olması fəxrlə deməyə imkan verir ki, biz heç də turizm ölkələrindən geri qalmırıq. Çox ölkələrdə olmuşam, amma doğma diyarımız qədər gözəl təbiəti olan ikinci ölkə tanımıram.

- Şəxsən öz adımdan deyə bilərəm ki, Novruz bayramı günlərində - tətil vaxtı İstanbula səfər etməyim cəmi 20 dəqiqə ərzində şirkətinizin əməkdaşları tərəfindən çox yüksək səviyyədə həll olundu.

- Mənə çox xoşdur ki, şirkətimizin xidmətlərindən istifadə edən həmvətənim kimi bu sözləri sizdən eşidirəm. Qürurvericidir ki, şirkətimin yerləşdiyi ofisdən minlərlə kilometr uzaqda olsam da, işçi komandamız öz işinə məsulliyyəti birə-beş artırıb.

- Müsahibə üçün görüş yeri kimi İstanbulun göz bəbəyi hesab edilən "Çırağan" sarayını seçdiyinizə görə sizə ayrıca təşəkkür düşür. Məncə, başqa məkanda bu qədər səmimi söhbətimiz alınmazdı. Xanlara layiq sarayın teras bölümündə - Bosfor boğazının tam yaxınlığında ananızla birlikdə eyni masa arxasında əyləşmişik. Və sizin də çox kübar nəslin davamçısı olduğunuzu nəzərə alsaq, məkan seçimində yanılmadığınız başadüşüləndir. Sualım niyə məhz Türkiyənin bu böyük şəhərində yaşamağa üstünlük verməyinizlə bağlı olacaq. Sizi İstanbula bağlayan nə oldu?

- Türkiyə bütün azərbaycanlılara çox yaxın qardaş ölkədir. Bir neçə xarici dildə sərbəst danışmağıma baxmayaraq, mən türk dilində danışarkən hesab etmirəm ki, hansısa xarici dildən istifadə edirəm. İstanbulda yaşayıb işlərimi genişləndirmək mənim sonuncu niyyətim deyil. Fərq etməz, bu gün İstanbulda, sabah İngiltərə və ya İçveçrədən olum, dünyanın hansı bir yerində olmağımdan asılı olmayaraq, iş xanımı kimi Azərbaycanı təmsil edirəm. Türkiyədə olmağımın səbəbi isə turizm sektoru sahəsində öz işimin bünövrəsini qoymağımla əlaqəlidir. "Riad Tour"un fəaliyyət sahəsini genişləndirmək əsas məqsədimdir. Başlanğıc Türkiyə olsa da, işlərimin davamı başqa ölkələrdə də gerçəkləşəcək. Bir neçə ay davamlı olaraq İstanbulda yaşasam da, bu şəhərə ilk gəlişimiz haradasa 15 il bundan əvvələ təsadüf edib. O zaman mərhum atam işləri ilə bağlı Türkiyəyə tez-tez səfər edirdi. Hətta biz ailə olaraq dörd il bu məmləkətdə yaşamışıq da. Bu səbəbdən İstanbul mənə doğma gəlir. 1994-cü ildə təhsilimin bir hissəsini burada davam etdirib, məktəbdə belə oxumuşam. İşgüzar xanım olaraq, turzim şirkətimi Türkiyədə genişləndirməyə başlamağımın da səbəbləri yetərincədir. Çoxlarına məlumdur ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti istirahət etmək üçün yola çıxmağa qərar verdikləri zaman ağıla gətirdikləri ilk ölkə məhz Türkiyə, onun müxtəlif kurortları olur. Bunu nəzərə alaraq istədim ki, məhz qardaş ölkədə işimizi möhkəmləndirək, daha sonra Avropa ölkələrində fəaliyyət sahəmizi genişləndirərik.

- Nigar xanım, müsahibəmizdə vurğulamaya bilməzdim ki, İstanbula gəldiyim ilk gündən sizinlə telefon əlaqəsi yaradanda görüş üçün bəlli vaxt məhdudiyyətlərinizin olduğunu deyirdiniz. Mənə elə gəldi ki, ananızın nəzarəti bir an olsun üzərinizdən əksik deyil.

- Anam mənim bu dünyada güvənə biləcəyim, etibarımı əsla sarsıtmayacaq ən yaxın dostumdur. O, əsla mənə nəyisə qadağa etmir. Sadəcə hər addımımdan xəbərdar olması, gördüyüm işin çətin və asan olmasından asılı olmayaraq, dəstək durması inamla irəli addımlamağımda çox köməyimə yarayır. Onun timsalında bütün analara Alahdan cansağlığı arzulayıram. Nə yaxşı mənim anam var.

- İndi soruşacağım sualla əhvalınızı pozmaq istəməzdim. Amma müsahibəni oxuyan əksər oxucular məhz bu sualı sizə verməyi gözləyirlər. Söhbət sizin keçmiş həyat yoldaşınız müğənni Zamiq Hüseynovla münasibətlərinizin hansı müstəvidə davam etməsindən gedir. Baxmayaraq ki, siz Azərbaycanda çox nüfuzlu nəslin soyadını daşıyırsınız, eləcə də şou-biznes nümayəndələri arasında əksər müğənnilərlə dostluğunuz var, amma Rəfiyeva soyadından çox, geniş tamaşaçı kütləsi sizi Zamiqin həyat yoldaşı kimi tanıdılar. Çox güman ki, evli olduğunuz dönəmi həyatınızın qaranlıq səhifəsi kimi dəyərləndirirsiniz. Zamiq Hüseynov həyatınıza gəldi və getdi...

- (sualımızdan yayınmağa çalışan Nigar əli ilə Bosfora açılan mənzərəni göstərib bunları dedi) Görün nə gözəl mənzərədir... Bu cür gözəl məkanda oturub, nədən keçmişdə qalan mövzular haqqında söhbət edək?

- Maraqlısı odur ki, sizin şəxsi həyatınızda baş verən bu hadisə ilə bağlı sizdən başqa çox adamlar danışdı...

- Təşəkkür edirəm o vaxt məni anladığınız üçün. Elə siz başda olmaqla, əksər jurnalist dostlarım da mənim o çətin günlərimdə danışmaq istəmədiyimi normal qəbul etdilər. Çox üstümə gəlmədiniz. Buna görə də bütün maqazin mətbuatında çalışan media nümayəndələrinə təşəkkürümü bidirirəm. Sizin də qeyd etdiyiniz kimi, bu günə qədər susmuşam, bu gün də susuram, bundan sonra da danışmaq niyyətim yoxdur. Danışmaq ən azından mənə yaraşmaz. Yenə də deyirəm, Bosfora bax, havanın gözəlliyinə nəzər yetir. Həyatda "Çırağan" sarayından, Bosfor körfəzindən başqa o qədər gözəlliklər var ki... Hər günümüzün qədrini bilək, təbiətin gözəlliklərinə baxıb yaxşı mövzular haqqında danışaq.

- Sözlərinizdən belə çıxır ki, Nigar ağ atlı şahzadəsini daha gözləmir...

- (gülür) Nigar heç vaxt ağ atlı şahzadəni gözləmək arzusu ilə yaşamır. Düzgün ailə təməli qurulmayacaqsa, heç olmasa yaxşıdır.

- Məncə, siz çox gözəl oğul tərbiyə edə bilərsiniz.

- Oğlan, qız, fərqi yoxdur, yetər ki, canı sağlam olsun. Mən hələ ki, ailə qurmağa tələsmirəm. Hər şeyi Allahın qisməti ilə bağlayıram. Və hazırda işimdən başqa heç nə barədə fikirləşmirəm.

- Şəxsi həyatınızla bağlı suallarımıza cavab verməməyə qərarlı görünürsünüz. Ona görə də yenidən işlərinizlə bağlı söhbətimizə qayıdaq. Bakıya hansı yenilikləri gerçəkləşdirməkdən ötrü dönəcəksiniz? Konkret bu yay turistlər, moda dili ilə desək, "turizm dəbi"nin hansı üstünlüklərinin şahidi olacaqlar?

- Bakı, Azərbaycan mənim vətənimdir. Və hər dəfə öz doğma vətənimə gələndə xoş hisslərlə qayıdıram. Yay mövsümündəki yeniliklərə gəldikdə isə məlum məsələdir ki, müştərilərimizin bron sifarişlərinin qəbulunu həyata keçiririk. Moda dili ilə soruşduğunuz üçün, cavab verə bilərəm ki, məqsədi istirahət etmək olan turistlərin dəbli məkanı yenə də Türkiyənin kurort şəhərlərindəki hotellər olacaq. Bu o demək deyil ki, vətəndaşlarımız Avropanın gəzməli-görməli yerlərinə səyahət etmək istəmirlər. Son üç-dörd ildə Avropaya getmək istəyən yerli turistlərin sayında artım müşahidə olunur. Türkiyə isə həmişə aktuallığını qorumaqdadır. Dediyim kimi, ilk növbədə, dil baryerinin olmaması burada da özünü göstərir. Amma bu da danılmaz faktdır ki, Antalya, Bodrum, Kemer, Marmaris və digər kurort şəhərləri heç də Avropada yerləşən kurort şəhərlərindən geri qalmır. Şözügedən şəhərlərdə turistlər üçün yaradılmış yüksək komfort bəlkə də daha üstündür. Türkiyədə yay aylarında hotellərdə "ultra all-included" sistemi fəaliyyət göstərir ki, bu da tur-paketə hər şeyin daxil olması ilə bağlıdır. İstirahətə gələn turist cəmi bir dəfə ödəniş edir və başqa maliyyə xərclərindən azad olur. "Riad Tour" olaraq müştərilərimizə yay fəsli boyunca Türkiyənin istənilən kurort bölgəsində istrahət etməkdən ötrü çox sərfəli endirimli paketlər təklif edirik. Əgər hansısa turist iyul və ya avqust ayında Türkiyənin kurort bölgələrinin birində istirahət etməyə qərar veribsə, həmin müştəri 35%-ə qədər endirim əldə edir. Odur ki, bütün turistlərə bu fürsətdən yararlanmağı məsləhət bilirəm. Sloqanımız fərqlidir ki, "Riad Tour"u bir dəfə seçən, hər dəfə bizim xidmətlərimizdən yararlanır. Digər tərəfdən Avropanın möhtəşəm kurortlarına da səfər etmək istəyən turistlər üçün fərqli paketlər təklif edirik. Qiymətlərimiz də elə baha deyil. Nitsa, Monte-Karlo, San-Trope kurortlarında dincəlmək fikirləşdiyiniz qədər də əlçatmaz deyil. Turistlər əmin ola bilər ki, Türkiyənin kurort zonalarında istirahət etmək üçün ayırdıqları maliyyə vəsaiti həcmində sözügedən şəhərlərdə də yaxşıca istirahət edə bilərlər. İtaliyanın Kapri, Sardiniya, həmçinin İspaniyanın kurort bölgələrinə də sərfəli turlar təklif edirik. Bunlarla yanaşı, dünyanın bir neçə ölkəsində müalicəvi kurortlar da var ki, bunlar Almaniya, İsveçrə, Fransa, Sloveniya, Bolqarıstan, Çexiyada yerləşirlər. Müraciət edən insanın xəstəliyindən asılı olaraq, biz müştərimizin büdcəsinə uyğun, onun müalicəsi üçün lazım olan kurorta getməyini təşkil edirik. Yay aylarında tələbələri xarici dövlətlərdə təhsillərini daha da mükəmməlləşdirməkdən ötrü dil kurslarına da göndəririk. "Riad Tour" olaraq son üç ildə bir çox yeniliklərə imza atmışıq. Onlardan biri yeniyetmə uşaqların məktəb tətilinə çıxdıqları zaman istəklərinə uyğun olaraq xarici dövlətlərdə fəaliyyət göstərən futbol və tennis klublarının uşaq komandalarındakı təlimlərə cəlb olunması ilə bağlıdır. Onlar həm idmanla, həm də həmin ölkənin dilini öyrənməkdən ötrü müxtəlif kurslara cəlb olunurlar. İş adamlarını da unutmamışıq. Onların xaricdə olan konfranslarından tutmuş, bütün işlərini yüksək səviyyədə gerçəkləşdirməyin öhdəsindən gəlirik.

- Nigar xanım, istəyimizdən asılı olmayaraq müsahibəni yekunlaşdırmaq üzrəyik. Amma sonda xarici görkəminizlə bağlı sual verməsəm, düzgün olmaz. Geyim-keçiminizə çox ciddi yanaşdığınız və dəyərli brendlərə üstünlük verdiyiniz açıq-aşkar görünür. Məncə çox keçməyəcək ki, Nigar Rəfiyeva adı özü brendə çevriləcək və siz model biznesinə də qoşulacaqsınız. Yüksək zövqlü xanım olduğunuz sırf bundan xəbər verir...

- Müsahibə boyu məni heyrətləndirən suallar ünvanlayırsınız. Sanki, ürəyimdən keçənləri oxuyursunız. Bəli, mən istəyirəm ki, moda sahəsində də özümü sınayım. Məhz bu istiqamətdə artıq müxətlif layihələrə start vermişəm. Eksklüziv olaraq sizin oxuculara açıqlayıram ki, Bakıda olduğum müddət ərzində zövqlü müğənni hesab ediyim xanımlardan biri ilə əməkdaşlığımız olacaq. Mənim imzamı daşıyan paltarları məhz o xanımın üzərində görəcəksiniz. Bu sürprizi tam açıqlamaq istəmirəm. Çünki bəzən ideyalarımı səsləndirəndə kimlərsə bunu çox aşağı səviyyədə həyata keçirməyə can atırlar. Ona görə də çox halda fikirlərimi əvvəlcədən deməməyi daha üstün tuturam. Amma bundan sonrakı yeniliklərimlə bağlı bütün xəbərləri söz verirəm ki, yalnız ilk olaraq Trend-lə bölüşəcəyəm...

Əminik ki, Nigar Rəfiyevanın bu yeniliyi durğunluq dövrü yaşayan Azərbaycan modasında təkan olacaq və yaxın gələcəkdə zöqvlə geyinməyi bacaran xanımlarımız öz qarderoblarında dünya modelyerlərinin hazırladıqları libaslarla yanaşı, "Nigar Rəfiyeva" adını daşıyacaq kolleksiyalara da yer ayıracaqlar. Türklər demiş, "10 barmağında 10 istedad" olan Nigar xanıma daha böyük uğurlar arzulayırıq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti