Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu tanınmış içtimai-siyasi xadimlərdən olan Üzeyir Hacıbəyovla Zülfüqar Hacıbəyova dair maraqlı sənəd aşkar edib.
İnstitutun direktor əvəzi Paşa Kərimov cümə günü Trend-ə deyib ki, bir səhifədən ibarət olan sənəd hər iki qardaş tərəfindən təsdiqlənib. Sənəddə Xurşudbanu Natəvanın bu qardaşlara 1896-cı ildə təhsil almaq üçün Qori Müəllimlər Seminariyasına getməmişdən əvvəl xeyir-dua verdiyi bildirilib və xeyir-duanın verilməsi açıq şəkildə təsvir edilib.
Bunu çox maraqlı sənəd hesab edən Kərimovun sözlərinə görə, qardaşlar sənəddə bildiriblər ki, 1896-cı ildə dayıları Hacıbəy Hacıbəyovun vasitəsilə Stalinin vətəni Qoridə Müəllimlər Seminariyasına gedərkən Natəvanla görüşüblər. Natəvan xanım Üzeyir bəylə Zülfüqar bəyi yola salarkən əvvəlcə onların qarşısında Quranı səhifələyib, sonra hər ikisinin qulağına Qurandan bir ayə oxuyub, onları Quranın altından keçirib. Daha sonra isə qardaşların hərəsinə bir tikə çörək verib.
"O zaman xeyir-dua verməyin forması belə imiş. Biz bunu bilmirdik. Mən xeyir-duanın Quranın altından keçdiyini bilirdim. Sən demə, bu formada deyilmiş", - Kərimov bildirib.
Bu sənədi qiymətli tapıntı sayan institutun direktor əvəzi onun xeyir-duanı açıq təsvir edən azsaylı sənədlərdən biri olduğunu da deyib.
"Bu, xeyir-duanın verilməsini açıq şəkildə təsvir edən azsaylı sənədlərdəndir. Bəlkə də bu, 18-19-cu əsrlərdə bir az da başqa cür olub. Bunu da mənbələrə baxıb öyrənmək lazımdır", - Kərimov qeyd edib.
O, bu sənədin Zülfüqar Hacıbəyovun Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivindən tapıldığını da söyləyib.