...

Tofiq Mirzəyev - 80 yaş: Azərbaycan kinematoqrafiyasının canlı əfsanəsi (FOTO)

Mədəniyyət Materials 16 İyun 2012 15:35 (UTC +04:00)
İyunun 16-da Azərbaycan kinematoqrafiyasının canlı əfsanəsi, əməkdar artist Tofiq Mirzəyevin 80 yaşı tamam olur. Mirzəyev hazırda İsraildə yaşayır, lakin tez-tez Vətənə baş çəkir.
Tofiq Mirzəyev - 80 yaş: Azərbaycan kinematoqrafiyasının canlı əfsanəsi (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir V.İmanov/

İyunun 16-da Azərbaycan kinematoqrafiyasının canlı əfsanəsi, əməkdar artist Tofiq Mirzəyevin 80 yaşı tamam olur. Mirzəyev hazırda İsraildə yaşayır, lakin tez-tez Vətənə baş çəkir.

Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmləri göstərmək olar. Aktyor "Mosfilm" və "Dovjenko" studiyalarında da filmlərə çəkilib.

Tofiq Mirzəyev ixtisasca rejissor və musiqiçidir, 15-dən artıq televiziya filmi çəkib, aktyor kimi isə 35 filmdə rol alıb.

Mirzəyev kinodakı rolları ilə yaddaşlarda iz buraxmasına baxmayaraq, kinematoqrafiyayadək onun peşəkar musiqi karyerası olub. O, Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Lakin qəfil xəstəlik onun musiqi karyerasına son qoyub. Belə ki, Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər.

Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev çox sevdiyi televiziya işini seçir. Bu məqsədlə Moskvaya oxumağa gedir və Mərkəzi Televiziyanın rejissorluq kurslarına daxil olur. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir.

Ardından Azərbaycan Televiziyasında işə düzələn Tofiq Mirzəyev burada 25 il fəaliyyət göstərir. O, Azərbaycan Televiziyasında ilk musiqi proqramlarını hazırlamağa başlayır. Rejissor, həmçinin burada bir neçə film-konsert ("Abşeronun nəğmələri", "Niyazinin simfoniyası" və s.) nümayiş etdirib. Həmin dövrdə AzTV-nin baş rejissoru olan Arif Babayev ona televiziyada ilk addımlarında, sonra isə kinoda kömək edib.

Tofiq Mirzəyev kinoda ilk təcrübəsi olan "Uşaqlığın son gecəsi" filmində baş rollardan birini oynayıb. Aktyor iki il əvvəl Rüstəm İbrahimbəyovun "Əlvida, cənub şəhəri" filmində rol almışdı.

Özünü "dünyanın vətəndaşı" adlandıran Tofiq Mirzəyev hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğuldur. Onun həyat yoldaşı Elmira Səfərova bir neçə il əvvəl dünyasını dəyişib, oğlu Teymur isə Avropada yaşayır.

Aktyor İsraildə "Bakılı" cəmiyyəti ilə əməkdaşlıq edir. O, cəmiyyətə kinolentlər gətirir, məruzə deyir.

Xəbər lenti

Xəbər lenti