...

Elçin Mirzəbəylinin yeni kitabı təqdim olunub (FOTO) (ƏLAVƏ OLUNUB)

Mədəniyyət Materials 22 İyun 2012 16:24 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasında jurnalist, publisist və şair, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin "Poz bu sükutu" kitabının təqdimatı keçirilib.
Elçin Mirzəbəylinin yeni kitabı təqdim olunub (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Mətbuat Şurasında jurnalist, publisist və şair, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin "Poz bu sükutu" kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, müəllifin 45 illik yubileyinə həsr olunmuş mərasimi giriş sözü ilə Şura sədri Əflatun Amaşov açıb.

Amaşov bu ktabda Elçin Murzəbəylinin əsasən vətənpərvərlik şeirlərinin toplandığını diqqətə çatdırıb.

O bildirib ki, Elçin Mirzəbəylinin fəaliyyəti çoxqütblüdür. Yaradıcılığında siyasət, publisistika, jurnalistika və poeziya ahəngli şəkildə, özünəməxsus tərzdə təmsil olunur. Təqdimatı keçirilən kitab isə onu daha çox gözəl ruhlu şair və dərin zəka sahibi olan publisist kimi tanıtdırır.

"Elçin Mirzəbəyli yaradıcılığında ən ümdə məqam isə vətəndir, torpaqdır, vətənə və torpağa hədsiz bağlılıq və bütöv Azərbaycan ruhudur. Onun baxışlarında Azərbaycan çox böyük bir məkandır. Ürəklərdə, qəlblərdə əbədi iz salan məkandır", - Amaşov deyib.

Şura sədri Elçin Mirzəbəylini kitabın nəşri münasibətilə təbrik edərək onu Mətbuat Şurasının diplomu ilə mükafatlandırıb.

Milli Məclisin deputatı, MŞ İdarə Heyətinin üzvü Aqil Abbas indiki zamanda insanları şeirlə təəccübləndirməyin çətinliyini vurğulayıb.

Elçin Mirzəbəyli isə öz poeziyası ilə nəinki təəccübləndirir, hətta həyata, mübarizəyə səsləyir. Fikrini müəllifin istiqlal hərəkatı zamanı yazdığı şeirlər üzərində cəmləşdirən Aqil Abbas Mirzəbəylini eyni zamanda dərin istedada malik vətənpərvər şair kimi xarakterizə edib.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Elçin Mirzəbəylini örnək səciyyə daşıyan şəxs kimi xarakterizə edib. Bu baxımdan yubilyarın milli ideologiya ruhu daşıyan nümunələrini xüsusi fərqləndirməyin zəruriliyindən söhbət açıb.

MŞ İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid şeirə maraq göstərən adamın güclü olduğunu önə çəkərək bildirib ki, hazırda dünyada aparılan siyasətin məğzində insanları poeziyadan uzaqlaşdırmağın dayandığına diqqəti çəkib. Belə bir məqamda Mirzəbəyli yaradıcılığının güclülüyü və əzmkarlığı aşılamasının son dərəcə vacib əhəmiyyət daşıdığını deyib.

"Olaylar" qəzetinin və eyniadlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz Elçin Mirzəbəylinin "Poz bu sükutu" kitabı ilə Azərbaycanın yaradıcılıq aləmində özü ilə bağlı olan sükutu pozacağına, yeni-yeni yaradıcılıq nümunələri ilə oxucularının görüşünə gələcəyinə əminliyini ifadə edib.

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas müəllifin bədii dünyagörüşünə düşündürücü ifadə tərzinin hakim kəsildiyini söyləyib. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə Mirzəbəylinin şeirlərindəki milli ruhlu çalarlara diqqəti çəkərək yubilyarı yazdıqlarının əbədi yaşamaq hüququ qazanmış şair adlandırıb.

Elçin Mirzəbəyli yaradıcılığının müxtəlif aspektlərinə toxunun "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli yubilyarı təkcə sənət adamı kimi deyil, eyni zamanda, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik şəxs olaraq səciyyələndirib.

"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu Elçin Mirzəbəylinin şeirlərinin və publisistikasının dərin məfkurə ruhu üzərində kökləndiyini vurğulayaraq, bu köklənişin azərbaycançılıq ideologiyasının perspektivi baxımından vacibliyindən söhbət açıb.

Sonda çıxış edən yubilyar tədbir iştirakçılarına təşəkkürünü bildirb. Təqdimat mərasimi Elçin Mirzəbəylinin "Poz bu sükutu" kitabındakı lirik şeirlərdən kiçik parçalar söyləməsi ilə başa çatıb.

Qeyd edək ki, "Poz bu sükutu" kitabı müəllifin müxtəlif illərdə yazdığı şeirlər, esselər və publisistik məqalələr toplusudur. İndiyədək üç kitab müəllifi olan Mirzəbəyli sonuncu dəfə oxucuların görüşünə 10 il öncə "İtirilmiş vaxtın adamı" kitabı ilə gəlmişdi.

Xəbər lenti

Xəbər lenti