Azərbaycan, Bakı, 7 aprel /Trend/
2015-ci il aprelin 8-də, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli xanəndə, xalq artisti, Prezident təqaüdçüsü, professor Canəli Əkbərovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
C.Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. O, 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Xanəndə teatr səhnəsində muğam operalarında bir sıra yaddaqalan Məcnun və İbn Səlam (Ü.Hacıbəyov - "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev - "Şah İsmayıl"), Aşıq Qərib (Z.Hacıbəyov - "Aşıq Qərib") obrazları yaradıb.
C.Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Muğam sənəti kafedrasının müdiri vəzifəsində çalışır.
Görkəmli xanəndə 1989-cu ildə Azərbaycanın əməkdar artisti, 1992-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.