Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Tural Turan/
5 aprel 2015-ci il tarixində 1/4 mərhələsinin ilk oyunu keçirildi. Bu həftə tamaşaçılar zəkaların "Əmir Teymur" mövzusunda olan mübarizələrini izlədi. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Təhmasib Nəsibli, sarı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Günəş Nağıyeva, yaşıl yolda isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Günay Cəfərli mübarizə apardı. Qarşılaşmanın qalibi sarı yolda mübarizə aparan Günəş Nağıyeva oldu. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyev birinci 1/4 haqqında fikirlərini bölüşüb. "İlk 1/4 oyununu beləcə yola saldıq. İştirakçılar oyun zamanı emosiyalarını gizlədə bilmir. Çünki doğrudan da mübarizə gərginləşir. Və bu efirə də yansıyır. Finala daha bir mərhələ yaxınlaşdıq. "
Synergy Group-un sponsorluğu, Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.
Əlavə məlumat əldə etmək üçün Facebook - Parlaq Zəka səhifəsinə müraciət etmək olar.
İnformasiya dəstəyi - TREND İnformasiya Agentliyi