...

İslam dünyası gənc klassik musiqi ifaçıları müsabiqəsinin qalibləri məlum olub

Mədəniyyət Materials 17 Aprel 2015 11:50 (UTC +04:00)
Azərbaycanda keçirilən islam dünyası gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının IV beynəlxalq müsabiqəsinin qalibləri məlum olub.
İslam dünyası gənc klassik musiqi ifaçıları müsabiqəsinin qalibləri məlum olub

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda keçirilən islam dünyası gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının IV beynəlxalq müsabiqəsinin qalibləri məlum olub.

Mədəniyyət və Turizm Nazirliyndən Trend-ə verilən məlumata görə, "Kainat" Gənclik Mərkəzinin layihəsi olan müsabiqə İSESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilir. Builki müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi çərçivəsində təşkil olunub. Yarışmada Azərbaycan, Türkiyə, Misir, Rusiya Federasiyası (Başqırdıstan), Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran və İndoneziyadan 52 gənc ifaçı iştirak edib.

Beynəlxalq müsabiqə iki yaş qrupu - 15 yaşadək və 15-20 yaş üzrə keçirilir. İştirakçılar üçün şərtlərdən biri də Azərbaycan bəstəkarlarının əsərini ifa etməkdir.

15 yaşadək qrupda fortepiano nominasiyası üzrə 1-ci yerə Nataliya Lem (Özbəkistan), 2-ci yerə Fidan Tağıyeva (Azərbaycan), 3-cü yerə Timur Mirəhmədov (Özbəkistan) layiq görülüblər. Orkestr nominasiyası üzrə Amonbek Rixsinboyev (Özbəkistan), Şamil Səlimov (Azərbaycan) və Asadbek Xalimcanov (Özbəkistan) müvafiq olaraq 1-3-cü yerlərə sahib olublar.

Böyük yaş qrupunda fortepiano nominasiyasında 1-ci Günel Rizvanova, 2-ci Cavid Əzizov, 3-cü Arzu Əsgərli (hər üçü Azərbaycan) oldu. Orkestr nominasiyası üzrə Süleyman Eyyubov (Azərbaycan) 1-ci, Samat Meditov (Başqırdıstan) 2-ci, Alpamıs Bissenqalıyev (Qazaxıstan) 3-cü yeri tutdu. Virtuoz ifasına görə Mehman Səlimov (Azərbaycan) Bakı Musiqi Akademiyasının təsis etdiyi xüsusi diplom və hədiyyə ilə təltif olunub.

Festivalın qaydalarına uyğun olaraq ən kiçik yaşlı ifaçı nominasiyası üzrə diplom və mükafat Özbəkistandan Mahigül Nizomovaya (10 yaş) təqdim edilib. Festivalın baş mükafatını (Qran pri) isə Ankara Konservatoriyasının tələbəsi Melisa Buyukörü (Türkiyə) qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti