...

Turin kitab sərgisinin ziyarətçiləri Azərbaycan pavilyonuna böyük maraq göstərirlər (FOTO)

Mədəniyyət Materials 15 May 2015 18:12 (UTC +04:00)
İtaliyanın Turin şəhərində keçirilən 28-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın “Xüsusi qonaq ölkə” kimi iştirakı münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Turin kitab sərgisinin ziyarətçiləri Azərbaycan pavilyonuna böyük maraq göstərirlər (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

İtaliyanın Turin şəhərində keçirilən 28-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın "Xüsusi qonaq ölkə" kimi iştirakı münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirin moderatoru, İtaliyanın "Sandro Teti Editore" nəşriyyat evinin direktoru Sandro Teti sərgidə Azərbaycanın "Xüsusi qonaq ölkə" kimi iştirakının əhəmiyyətini vurğulayıb.

İtaliyanın sabiq Baş naziri Enriko Letta tədbirdə çıxış edərək Azərbaycan-İtaliya münasibətlərinə toxunub. Bildirib ki, ölkələr arasında bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr inkişaf etməkdədir. Azərbaycanın bu önəmli sərgidə "Xüsusi qonaq ölkə" kimi iştirakı bunun bariz nümunəsidir. Ölkəmizə səfərlərini xatırladan E.Letta burada hər zaman qonaqpərvərliklə qarşılandığını, yaxın münasibət hiss etdiyini qeyd edib.

Sərginin baş direktoru, professor Ernesto Ferrero Azərbaycan haqqında məlumatlı olduğunu vurğulayıb. Bildirib ki, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycanın qədim tarixə, özünəməxsus adət-ənənələrə sahib bir ölkə olması artıq bizə məlumdur. Bu ölkə çoxlu sayda dahi şairlər, ədiblər yetişdirib. Dünyaca məşhur Nizami Gəncəvi bu dahi şəxsiyyətlərdən biridir. Azərbaycanın bu sərgidə iştirakından məmnun olduğunu bildirən Ernesto Ferrero əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev kitab bayramı münasibəti ilə hamını təbrik edib. Azərbaycanın müstəqillik tarixinə toxunan nazir müavini ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu, müstəqilliyin bərpasından sonra sürətli inkişaf yolu keçdiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda son illər bütün istiqamətlərdə olduğu kimi, nəşriyyat və poliqrafiya sahələrində də xeyli irəliləyiş müşahidə olunmaqdadır. Məhz bu tərəqqinin nəticəsidir ki, ölkəmizlə bağlı kitablar Turin sərgisində böyük maraqla qarşılanır. Bu sərgi Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün yaxşı fürsətdir.

Turin meriyası mədəniyyət komitəsinin sədri Luka Kassiani Azərbaycanın sərgidə iştirakından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, sərgilənən kitablar vasitəsilə ziyarətçilər Azərbaycanı daha da yaxından tanıyacaqlar. Qərb və Şərqin kəsişdiyi nöqtədə yerləşən bu ölkəyə böyük maraq var. Turin ilə Azərbaycan arasında mədəni əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Sərginin təşkilatçılarına, Azərbaycana maraq göstərərək İtaliya ictimaiyyətinin ölkəmizi daha yaxından tanımasına dəstək olanlara minnətdarlığını bildirən Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqov müstəqillik tariximizdən danışıb. Bildirib ki, bugün Azərbaycan Cənubi Qafqazın sürətlə inkişaf edən lider ölkəsinə çevrilib. Ölkəmiz bütün dövrlərdə müxtəlif mədəniyyətlər, dinlər arasında körpü rolunu oynayıb. Demokratik inkişaf, qanunun aliliyi, yaxşı idarəçilik, insan haqlarının müdafiəsi istiqamətində mühüm nailiyyətlər əldə edən Azərbaycan, eyni zamanda, multikultural və multikonfessional ənənələrin kök saldığı bir məkandır. Sülh şəraitində birgəyaşayış və tolerantlıq Azərbaycan cəmiyyətinin əsasını təşkil edir.

Səfir vurğulayıb ki, ölkəmizin xarici siyasətində əsas məqamlardan biri Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsidir. Bu baxımdan İtaliya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. İkitərəfli münasibətlərimiz bütün sahələrdə yüksək səviyyədədir. TAP layihəsinin reallaşması ilə bu əlaqələr yeni mərhələyə qədəm qoyacaq. İtaliyada keçirilən önəmli beynəlxalq tədbirlərdə Azərbaycan fəal iştirak edir. Bu sırada "Milan Expo 2015", "Venesiya Biennalesi" - Beynəlxalq İncəsənət Sərgisi və Turin kitab sərgisi xüsusi yer tutur. Bu cür tədbirlər vasitəsilə italiyalılar Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini daha yaxından tanımaq imkanı əldə edirlər.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov sərgidəki Azərbaycan pavilyonuna ziyarətçilər tərəfindən göstərilən maraqdan danışıb. Bildirib ki, iştirakçılar ölkəmizə böyük maraq göstərirlər, Azərbaycanı daha yaxından tanımaq üçün bizdən kitablar hədiyyə edilməsini xahiş edirlər. Biz də məmnuniyyətlə ölkəmizə diqqət göstərən hər kəsə kitablar paylayırıq, bu yolla onların Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı ilə bağlı məlumatlanmasına töhfə veririk. Ümid edirəm ki, bu sərgidə iştirakımız ölkəmizin təbliği baxımından yararlı olacaq.

Sonra Azərbaycanla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.

Sonda Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə "Sandro Teti Editore" nəşriyyat evində çapdan çıxmış ölkəmizlə bağlı kitabların təqdimatı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti