...

“Azərbaycanda arxeoloji turizm” marşrutuna start verilib (FOTO)

Mədəniyyət Materials 20 Oktyabr 2015 11:20 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm şirkəti və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə "Azərbaycanda arxeoloji turizm" adlı mədəni turizm marşrutuna start verilib.
“Azərbaycanda arxeoloji turizm” marşrutuna start verilib (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elmir Murad/

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm şirkəti və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə "Azərbaycanda arxeoloji turizm" adlı mədəni turizm marşrutuna start verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, info-turun ilk ünvanı Çuxur-Qəbələ olub. İştirakçılar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində yerləşən Qəbələ Arxeoloji Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, ərazisi 6150 kvadratmetr olan mərkəzin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Sərgi zalında 2013-cü ildə Səlbir ərazisindən tapılan II-III əsrlərə aid qoşa qəbir, o cümlədən müxtəlif dövrlərə aid eksponatlar nümayiş olunur.

Diqqətə çatdırılıb ki, Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında son illər Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) gördüyü işlər mühüm yer tutur. Azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb. 2005-ci ildən bəri rayonda aparılan ardıcıl arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri SEBA-nın dəstəyi ilə Qəbələ Arxeoloji Mərkəzində saxlanılır.

Sonra iştirakçılar Səlbir ərazisində tapılan qədim yaşayış məskənin qalıqları ilə tanış olublar.

Daha sonra onlar Şəki rayonunun Fazıl kəndində yerləşən "Labirint" praktiki arxeologiya muzeyini ziyarət ediblər.

Muzeyin yaradıcısı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Nəsib Muxtarov "Əbədi sükut dünyası" adlanan yeraltı muzey barədə məlumat verib. Bildirib ki, muzey 2006-cı ildə yaradılıb. Əsas özəlliyi ondan ibarətdir ki, arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət abidələri aşkar edildiyi yerdə saxlanılır. Muzeydə 11 ekspozisiyada 14 qəbir abidəsi var. Azərbaycan xalqının, Qafqaz Albaniyasının həm son tunc, həm də dəmir dövrünün maddi mədəniyyəti, dəfn adətləri, eyni zamanda, bəzi etnoqrafik materiallar və dini inanclar bu qəbirlərdə əksini tapıb.

Arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği məqsədilə təşkil olunan info-tur oktyabrın 21-də başa çatacaq. İştirakçılar Tovuz, Şəmkir və Ağsuda qədim yaşayış məskənlərinə ekskursiya edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti