Bakı. Trend:
15 sentyabr 2019-cu il tarixdə Belarusun Böyük Teatrında 87-ci teatr mövsümünün açılışı olub. Mövsümün açılışı üçün Aleksandr Borodinin “Knyaz İqor” operasının premyerası keçirilib.
Trend-in məlumatına görə, operanın baş rollarından biri olan tatar xanı Konçakın rolunun ifası üçün Azərbaycanın xalq artisti Əli Əsgərov dəvət olunub. Əli Əsgərovun son dərəcə gur səsi və yüksək ifaçılıq sənəti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və uzun alqışlarla müşayiət edilib.
Səfir Lətif Qəndilov tamaşadan sonra Əli Əsgərovla görüşüb, premyeradakı uğurlu çıxışına görə təbrik edib və Azərbaycanın opera ifaçılıq sənətini yüksək səviyyədə təmsil etdiyi üçün təşəkkürünü bildirib. Səfir Belarus Böyük Teatrının direktoru Qridyuşko Vladimirlə, baş rejissoru və digər nümayəndələri ilə görüşüb və Azərbaycanın Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq etdiklərinə və Azərbaycan ifaçılarını buraya dəvət etdiklərinə görə təşəkkürünü bildirib.
Q.Vladimir Azərbaycanın Opera və Balet Teatrı ilə əməkdaşlığın ənənəvi xarakter daşıdığını söyləyib, Belarus Böyük Teatrında Qara Qarayevin, Polad Bülbüloğlunun əsərlərinin səhnəyə qoyulduğunu, Yalçın Adıgözəlov, Əyyub Quliyev kimi drijorların və solist Afaq Abbasovanın çıxış etdiklərini bildirib. Q.Vladimir əməkdaşlığın bundan sonra da davam edəcəyini söyləyib.