...

Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” adlı tədbir keçirildi (FOTO)

Mədəniyyət Materials 13 Dekabr 2019 23:59 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” adlı tədbir keçirildi
Beynəlxalq Muğam Mərkəzində  “Muğamat var olan yerdə” adlı tədbir keçirildi (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” adlı tədbir keçirildi.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbirdə görkəmli muğam ustası, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr edilən “Muğamat var olan yerdə” adlı tədbir keçirildi. Dekabrın 11-də keçirilən tədbirdə xanəndənin ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılıq yoluna nəzər salındı, muğam sənətinin inkişafındakı xidmətləri vurğulandı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək qonaqların diqqətinə çatdırdı ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər planı çərçivəsində hazırlanan konsert kafedranın yubiley ilinə bir töhfəsidir. Kafedra müdiri çıxışı zamanı həmçinin muğam sənətinin inkişafında müstəsna xidmətləri olan Hacıbaba Hüseynovun muğam məktəbinin təkmilləşməsindəki fəaliyyətini, xanəndənin ədəbi yaradıcılığı, bəstələri, təsniflərinin muğam sənətimiz var olduqca yaşayacağını vurğuladı. Bildirdi ki, onun yazdığı qəzəllər bu gün də xanəndələr tərəfindən ən çox müraciət olunan nümunələr sırasındadır.

Tədbir muğam kafedrasının tələbələrinin konsert proqramı ilə davam etdi. Konsert boyu kafedra müdiri ilə birgə səhnəyə çıxan tələbələr ustad xanəndənin vaxtilə ifa etdiyi və dillərdə əzbər olan repertuarından ən sevilən təsnif və qəzəlləri ifa etdilər. Konsertin repertuarı bütünlüklə Hacıbaba Hüseynova məxsus qəzəl və təsniflərdən tərtib olunduğundan muğamsevərlər tərəfindən maraqla qarşılandı. İfaçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Əməkdar artistlər Əliağa Sədiyev (tar) və Toğrul Əsədullayevin (kamança) rəhbərliyi ilə universitetin müəllim və tələbələrindən ibarət ansambl müşayiət edirdi.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra layihələr - “Muğam axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar”, “Dastan gecələri”, “Aşıq musiqisi axşamları”, “Yeni nəsil dəvət edir” və digər layihələrlə mütəmadi olaraq çıxış edir. Layihələrin məqsədi muğam sənətini, aşıq musiqisini, dastanları, xalq mahnılarını və təsnifləri nəsildən-nəslə ötürməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti