Bakı. Trend:
Bakı Konqres Mərkəzində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində beynəlxalq proqram olan "Baku Cinema Breeze"də “Kino sənayesində dövlət səviyyəli əməkdaşlığın perspektivləri” mövzusunda panel müzakirəsi keçirilib.Panel müzakirəsi zamanı müxtəlif ölkələrin dövlət kino institutlarının nümayəndələri strateji inkişaf istiqamətlərini və beynəlxalq tərəfdaşlıq imkanlarını müzakirə ediblər.
Trend xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyinin nazir müavini Saadət Yusifova milli kino sənayesinə dövlət dəstəyi haqqında danışıb.
KOBİA-nın İdarə Heyətinin müşaviri Zaur Qaradaşov kino sahəsinin dayanıqlı inkişafı üçün ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Panel müzakirəsinə Kamran Qasımovun moderatorluğu ilə müxtəlif ölkələrin kino sənayesi nümayəndələri qatılıb. Onlar arasında Türkiyə Kinematoqrafiya İdarəsinin baş direktoru Birol Güven, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Pakistan Elektron Media və Nəşrlər Direktoratının direktoru Said Sair Rəza, Gürcüstan Milli Kino Mərkəzinin nümayəndəsi Mamuka Bliadze, Özbəkistan Respublikası Kinematoqrafiya Agentliyinin direktor müşaviri Sayfullo Rəcəbov və digərləri var idi.
Müzakirələr zamanı spikerlər kino sənayesinin inkişafı və beynəlxalq əməkdaşlıqla bağlı bir sıra məsələləri nəzərdən keçiriblər. İştirakçılar dövlət kino siyasətinin formalaşdırılmasını, kino sahəsinin inkişafına dair milli strategiyaların yaradılması təcrübəsini, qanunvericilik təşəbbüsləri, islahatlar və sənayenin gücləndirilməsinə yönəlmiş idarəetmə modellərini müzakirə ediblər.
Xüsusi diqqət kino diplomatiyası və beynəlxalq mədəni əməkdaşlıq məsələlərinə yönəldilib. Spikerlər kino sənətinin ölkələr arasında mədəni əlaqələri möhkəmləndirən, qarşılıqlı anlaşmanı artıran və beynəlxalq dialoqu genişləndirən vacib alət rolunu vurğulayıblar.
Müzakirələrdən biri birgə istehsal və müştərək- maliyyələşdirmə mexanizmləri mövzusuna həsr olunub. İştirakçılar dövlət dəstəyi formaları, birgə prodüser fondlarının fəaliyyəti, tərəfdaş proqramların imkanları və beynəlxalq kino layihələri üçün şəraitin yaradılması barədə danışıb.
Kino sənayesinin rəqəmsal transformasiyası da diqqətdən kənarda qalmayıb. Spikerlər yeni texnologiyaların tətbiqi, istehsalın rəqəmsallaşdırılması, VFX istiqamətinin inkişafı, habelə OTT platformalarda və paylama sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda fikir mübadiləsi aparıblar.
