...

Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)

Mədəniyyət Materials 21 Fevral 2026 12:45 (UTC +04:00)
Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Dinara Zəhrabəyova
Dinara Zəhrabəyova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyətimizdə əhəmiyyətli iz qoymuş, Milli incəsənət məktəbinin ən maraqlı nümayəndələrindən biri, Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, milli incəsənətin korifeyi, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev və digərləri ustadın zəngin irsindən və milli incəsənətin inkişafına verdiyi töhfələrdən danışıblar.

Muzeyin direktoru vurğulayıb ki, rəssamın Azərbaycan muzeylərində qorunan əsərləri arasında ən böyük kolleksiya məhz Milli İncəsənət Muzeyinə məxsusdur. Bu sərgidə muzeyin daimi ekspozisiyası fondlardan və şəxsi kolleksiyalardan təqdim olunan əsərlərlə zənginləşdirilib.

Açılış mərasimində görkəmli rəssam və pedaqoqun ünvanına çoxsaylı xoş sözlər səsləndirilib. O, təkcə tanınmış sənətkar kimi deyil, həm də gözəl insan, səmimi dost, güclü, nəcib və xeyirxah şəxs kimi yad edilib.

Davud Kazımovun yaradıcılığında öz dövrünün ruhu sanki güzgü kimi əks olunur. Bununla belə, ustadın istedadı, tablolarının enerjisi, portret əsərlərindəki canlı emosiyalar, mənzərələrindəki xüsusi rahatlıq və zərif işıq onun sənətini bu gün də son dərəcə müasir göstərir. Rəssam bu gün də hamı üçün çox maraqlı şəxsiyyətdir - sərgiyə gələn və sənətkarın xatirəsini anmaq istəyən ziyarətçilərin sayı buna əyani sübutdur.

Sərgidə nümayiş olunan natürmortlar səmimi ev ab-havası, istilik və işıqla zəngindir. Gözəl güldanlarda güllər – qızılgüllər, zərif çobanyastığılar, nərgizlər və tünd astra çiçəkləri, parlaq portağallar, şaftalılar, parçalar və mis qablar… Davud Kazımov bu mövzulara böyük həvəslə müraciət edib, onları dönə-dönə təsvir edib. Bu əsərlərdə onun heyrətamiz ustalığı, rəng palitrasının zənginliyi və adi predmetləri əsl şah əsərə çevirmək bacarığı aydın hiss olunur.

Möhtəşəm mənzərələr də laqeyd qoymur. Onlarda işıq, rəng, hava və əhval-ruhiyyə bolluğu var. Rəssamın kətanlarında meh canlanır, çəmənliklər çiçəklənir, zirvələrdən enən soyuq duman duyulur. Davud Kazımov öz yurdunu və təbiətini o qədər sevirdi ki, hətta gecə vaxtı Əlhambra və Burqas küçələri təsvir olunan mənzərələrində belə Abşeron torpağının istisini hiss etmək mümkündür.

Davud Kazımov kənd qadınlarını, onların həyat tərzini, adət-ənənələrini, etnoqrafik xüsusiyyətlərini və milli geyimlərini də çox təsvir edib. Bu əsərlər dövrün əlamətləri kimi maraqlıdır, lakin ustad üçün əsas olan insandır. Son dərəcə müşahidəçi rəssamın incə psixoloji portretləri qəhrəmanlarına elə parlaq xarakter və emosiyalar bəxş edir ki, onları canlı və fərqli hiss edirsən. Milli geyimli, al yaylıqlı bolqar qadının gözlərində nə qədər məna oxumaq mümkündür!

Portretlərdən danışarkən qeyd edilməlidir ki, uşaqları təsvir etmək olduqca çətindir. Bəzən elə olur ki, hətta böyük rəssamlar belə onların səmimiliyini və mimikalarının ani dəyişkənliyini tam çatdıra bilmirlər. Davud Kazımov isə oğullarının heyrətamiz uşaq portretlərini yaradaraq, onları saf və səmimi emosiyalarla dolu şəkildə bizə miras qoyub.

Sərgi zallarını gəzərək ekspozisiyanın ilk tablosuna yenidən qayıtmaq olar – onun xoş enerjisi dərhal hiss olunur. Üç obrazın hər biri son dərəcə canlı və xarakterlidir. Gözlərini bir qədər yummuş qadın sakitcə istirahət anından zövq alır, rəfiqəsinin baxışlarında isə dünyaya qarşı səmimi maraq duyulur. Lakin ən təsirlisi arxası tamaşaçıya tərəf oturan oğlandır – onun duruşunda və hərəkətində həyatın gözəlliyinə olan saf və sevincli inam aydın hiss edilir. Onlara baxarkən insan həmin havanı dərindən udmaq və uşaqlığın ən gözəl günlərindəki kimi yenidən xoşbəxt olmaq istəyir.

Rəssamın oğulları atalarının xatirəsinə göstərilən ehtirama görə iştirakçılara təşəkkür ediblər. Biz isə rəngi, işıq, hava və ruh bayramını bizə bəxş etdiyi üçün böyük sənətkara minnətdarlığımızı bildiririk.

Sərgi 31 mart tarixinədək davam edəcək.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti