Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
"Bizim dəyərləri bölüşən Azərbaycanın inkişafını görməkdən məmnunuq". Trend-in məlumatına görə, bunu Seçki-2015.az saytına açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyasının rəhbəri Jordi Çukla bildirib.
Onun sözlərinə görə, bu gün və sabah keçiriləcək görüşlərin əsas məqsədi demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı Avropa Şurasının standartlarına uyğun seçkiöncəsi vəziyyəti lazımi şəkildə öyrənməkdir: "Görüşlərin əsas qayəsi seçki prosesi olacaq. Bizim missiyanın 32 üzvü Avropa Şurasının təlimatına uyğun müşahidə aparır. Sizin ölkə 14 il bundan əvvəl Avropa Şurasına daxil olaraq bizim dəyərlərimizə qoşulub. Bu səbəbdən seçkiləri lazımi şəkildə müşahidə etmək bizim vəzifəmizdir".
J.Çukla əlavə edib: "Avropa dəyərlərini bölüşən postsovet ölkəsi olan Azərbaycanın inkişafını görməkdən çox məmnunam".
Qeyd edək ki, bu gün müşahidə missiyası Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri, eləcə də bitərəf millət vəkilləri ilə görüşlər keçirib. Sabah AŞ PA müşahidə missiyasının vətəndaş cəmiyyətinin təmsilçiləri, bəzi media rəhbərləri və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşü gözlənilir.