Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/
Azərbaycanda parlament seçkiləri yaxşı təşkil edilib, seçicilər sakit şəkildə seçki məntəqələrinə gəlirlər və səsvermə demokratik keçirilir.
Bunu Trend-ə TürkPA missiyasının müşahidəçisi, Qazaxıstan parlamentinin deputatı Serikjan Kanayev deyib.
Bəzi Avropa strukturlarının parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana nümayəndələrini göndərməkdən imtina etməsini şərh edən deputat qeyd edib ki, öncədən qiymət vermək olmaz, ən doğrusu prosesi yerində müşahidə edərək hər şeydən əmin olmaqdır.
Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.
Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.
Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.