Bakı. Hüseyn Vəliyev - Trend:
İnformasiya kommunikasiya texnologiyaları insan kapitalının formalaşdırılmasında vacib rol oynayır.
Trend-in məlumatına görə, bunu “Microsoft Imagine Cup Azerbaijan” müsabiqəsinin qaliblərinin təqdim olunması zamanı Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
F.Qurbanov bildirib ki, insan kapitalı həm təhsil hesabına, həm də təhsildən kənar formalaşır:
“Tələbələrin “Microsoft Imagine Cup” müsabiqəsində iştirak etməsi onlar üçün insan kapitalının formalaşmasında ikinci imkandır. Bu cür mühüm intellektual müsabiqə karyera yüksəlişində, fəaliyyət istiqamətinin seçimində vacib rol oynayacaq və əmək bazarında rəqabətqabiliyyətli olmağa imkan verəcək”.
Nazir müavini əlavə edib ki, İKT-nin tətbiq olunması Azərbaycanda 2013-cü ildə qəbul olunmuş Təhsilin İnkişafı Dövlət Strategiyasında nəzərdə tutulub. Bu strategiyaya əsasən məktəblərdə 1-ci sinifdən 11-ci sinfədək informatika tədris olunur, ali məktəblərdə isə informasiya texnologiyaları üzrə mütəxəssislər hazırlanır.