Bakı. Trend:
"Diqlas" ticarət mərkəzində baş vermiş yanğından ziyan görən sahibkarlar dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xəbəri yüksək minnətdarlıq hissi ilə qarşılayıblar.
Trend-in məlumatına görə, bunu Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib.
A.Qasımov yanğınla əlaqədar yerli icra hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
O, dünən və bu gün sahibkarlarla operativ görüşdüklərini, dəyən ziyanın aradan qaldırılması məqsədilə dövlət tərəfindən ilkin maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Prezidentin tapşırıqlarını onlara çatdırdıqlarını deyib və sahibkarların bu xəbəri yüksək minnətdarlıq hissi ilə qarşıladıqlarını vurğulayıb.