...

Koronavirusla mübarizə aparan həkimlər distant təlimlərə cəlb edilib

Gündəm Materials 19 Noyabr 2020 11:20 (UTC +04:00)
Koronavirusla mübarizə aparan həkimlər distant təlimlərə cəlb edilib

Bakı. Samir Əli - Trend:

Son aylar ərzində dünyada COVID-19 pandemiyası ilə vəziyyət bir daha göstərib ki, distant təhsilin ölkəmizdə daha da sürətli inkişafı olduqca vacibdir və onun institutumuzda tətbiq olunması Səhiyyə Nazirliyinin uzaqgörən və düşünülmüş siyasətini əks etdirir.

Trend-in məlumatına görə, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru, tibb elmləri doktoru Nazim Qasımov rəhbərlik etdiyi təhsil ocağında onlayn ixtisasartırma və xüsusi təlim kurslarının fəaliyyətini fasiləsiz və tam həcmdə davam etdirilirməsi barədə danışarkən deyib.

Rektor COVID-19 pandemiyası zamanı onlayn tədrisin daha da təkmilləşdirilməsi, genişləndirilməsi və institutun bütün kafedralarını əhatə etməsi haqqında danışıb. Onun sözlərinə görə, dərslərin aparılmasında Zoom telekonfrans tətbiqindən istifadə olunur, onlayn kursların coğrafiyası respublikamızın bütün bölgələrini əhatə edir, kursların davam etdirilməsi nəticəsində həkimlərin sertifikasiya prosesi də davam etməkdədir.
Nazim Qasımov bildirib ki, Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb: “Ə.Əliyev adına ADHTİ-nin Mikrobiologiya və Epidemiologiya, Yoluxucu xəstəliklər, Anesteziologiya və reanimatologiya, terapiya, gigiyena kafedraları bu müddət ərzində yeni koronavirus infeksiyasına qarşı əksepidemik tədbirlər və biotəhlükəsizlik mövzularında təlim-treninqlər təşkil etmişlər. Təlimlər fasiləsiz, bayram və istirahət günləri də daxil olmaqla, azsaylı qruplarda keçirilib. Həmin təlimlərdə ölkənin bir çox klinikaları, xəstəxana və poliklinikaları, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Mərkəzi Gömrük Hospitalı, Hava Nəqliyyatı Tibbi Sanitar İdarəsində çalışan mütəxəssislər iştirak edib”.

Rektor hazırda səhiyyə sisteminin modernizasiyası və inkişafı şəraitində istifadə edilən tibbi texnologiyalar, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektivliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulduğunu vurğulayıb. O, tədris proqramlarının yenilənməsi və yeni konsepsiyanın standartlarına uyğunlaşdırılması üzrə işlərin aparılması haqqında danışıb. Belə ki, ixtisaslar üzrə təhsil proqram-modulların yenilənməsi, aktual mövzularda tematik modulların hazırlanması və keçirilməsi, müəllimlər tərəfindən yeni tədris materiallarının hazırlanması, kursların müddətinin qısaldılması, tədrisin gücləndirilməsi, tədris materiallarının müasirləşdirilməsi, simulyasion mərkəzin yaradılması, yeni klinik bazaların əldə edilməsi həyata keçirilib.

Təhsil proqramlarının mənimsənməsinin müxtəlif yeni texnologiya vasitələrindən geniş istifadə etməklə həyata keçirildiyini qeyd edən Nazim Qasımov bildirib ki, son illər ərzində institutun kafedralarında distant təhsilə xüsusi diqqət yetirilir. Tibb elmləri doktorunun dediyi kimi, ADHTİ-nin illik təqvim planında çoxsaylı səyyar/distant kurslar planlaşdırılıb. Belə ki, çoxsaylı həkim kontingenti olan 6 ixtisas üzrə Respublika ərazisi 10 zonaya bölünməklə səyyar/distant kurslar elə planlaşdırılıb ki, artıq bölgələrdən bu ixtisaslı həkimlərin Bakıya gəlmələrinə ehtiyac qalmayıb. Təkcə 2019/2020-ci tədris illərində müxtəlif ixtisaslar üzrə 7000-ə yaxın bölgə həkimi bu distant kurslardan yararlanıb.
Nazim Qasımov bildirib ki, dinləyici özünə uyğun zaman və məkan çərçivəsində onlayn təlim imkanını qazanır. Rektorun verdiyi məlumata görə, həmin portalda davamlı tibbi tədris materiallarının sayı 808-ə çatdırılıb. Bununla yanaşı, son dövrdə daha çox həkim-mütəxəssislərin distant təhsildən yararlanmasına nail olması üçün institutda mühazirə dərslərinin video arxivi də yaradılıb.

N.Qasımov pandemiya dövründə əyani beynəlxalq əlaqələrin çətinləşdiyi bir vaxtda Ə.Əliyev adına ADHTİ ilə Avstriya Həkimlər Akademiyası arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, həkimlərin təkmilləşdirilməsi təhsilinin beynəlxalq səviyyəyə çıxarılması haqqında söhbət açıb: “Azərbaycan həkimləri indiki şəraitdə Avstriyanın tanınmış tibb mütəxəssislərinin iştirakı ilə onlayn təlim imkanlarından faydalana bilər. Bundan başqa, institutun professor-müəllim heyəti və rezidentlərinin Avstriyanın qabaqcıl klinikalarında uzunmüddətli stajkeçmə proqramlarında da iştirakı reallaşıb. Həkimlərimiz distant təhsilin verdiyi bütün imkanlarından yararlanıb, davamlı tibbi təhsilin fasiləsizliyinə nail olub. Ümumiyyətlə də, hesab edirəm ki, pandemiya və hərbi vəziyyət dövründə təhsil ocağımızın qarşısında qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti