Bakı. Trend:
Dekabrın 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov N hərbi hissəsini ziyarət edərək burada Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə yeni inşa edilən hərbi obyektə baxış keçirib və aparılan tikinti-quruculuq işləri ilə tanış olub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məruzə edilib ki, yeni istifadəyə verilən binada əsgər yataqxanası, konfrans zalı, silah, məişət, ideoloji və digər xidməti otaqlar, eləcə də hamam-sanitar qovşağı mövcuddur. Burada mərkəzi istilik və yanğın təhlükəsizlik sistemləri quraşdırılıb.
Sonra maddi-texniki təminat üzrə zabitlərlə görüşən
general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində
Ordumuzun günü-gündən qüdrətlənməsindən, hərbi qulluqçuların
maddi-texniki təminat və təchizatının hər zaman diqqət mərkəzində
olmasından danışıb.
Müdafiə naziri Vətən müharibəsi zamanı, eləcə də son dövrlərdə
aparılan döyüş əməliyyatlarında ordumuzun maddi-texniki təminatının
yüksək səviyyədə olmasının qazanılan şanlı qələbədə mühüm əhəmiyyət
kəsb etdiyini bildirib. Azərbaycan Ordusunda digər sahələrdə olduğu
kimi maddi-texniki təminat sahəsində də görülən tədbirlərin,
xüsusilə azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin
aparılmasının yüksək qiymətləndirildiyini qeyd edib.
Nazir hərbi qulluqçuları qarşıdan gələn Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik
edib və onlara xidmətlərində uğurlar arzulayıb.
Daha sonra yeni alınan avtomobil texnikası, eləcə də xüsusi texnika
və avadanlıqlar general-polkovnik Z.Həsənova təqdim olunub.
Müdafiə naziri sürücü heyəti ilə görüşüb və onların qayğıları
ilə maraqlanıb.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən şəxsi heyətə
bayram hədiyyələri təqdim edilib.